Arzu Əsəd - Bu gun daha çox islam məzhəbləri üzərində oynanılır.

YAZARLAR 08:23 / 11.09.2025 Baxış sayı: 2219

Hər bir canlı orqanizm öz yaranışında əvvəlcə təşəkkul mərhələsini keçir, sonra formalaşır - gövdələşir, daha sonra isə şaxələnir - budaqlanır. Din də bu mərhələləri keçib.

Xristianlıq da, iudaizm də, buddizm də, induizm də müxtəlif şaxələrə - məzhəblərə, təriqətlərə, sektalara bölünüb. İslam dininin də məzhəblərə bölünməsi inkişaf qanunauyğunluqlarına görədir. İslam dini də bir ictimai orqanizm olduğuna görə zamanla şaxələnib, məzhəblər yaranıb. Ağacın budaqlarını geriyə - gövdəsinə qaytara bilmədiyimiz kimi, dinin məzhəblərini də sıxıb geriyə qaytarıb bir gövdəyə çevirə bilmərik. İslam dini bir vahiddir, öz məzhəbləri ilə bir yerdə, bir ağacın budaqları ilə bir yerdə olması kimi.

Azacıq fəlsəfi təfəkkürü olan şəxs inkişafın bu obyektiv qanunauyğunluğunu başa düşür, öz subyektiv mülahizələrini də buna uyğun qurur. Fikir verin, digər dinlərin məzhəblərə bölünməsi normal qarşılanır. Kimsə xristianlıqda katolikliyin, protestantlığın, provaslavlığın niyə var olmasından danışmır. Halbuki onların da arasında sanki başqa dinlərmiş kimi çox mühüm fərqlər var və hər biri də müxtəlif dövlətlərin siyasətində çox mühüm yer tutur.

Bu gun daha çox islam məzhəbləri üzərində oynanılır. Çünki nifaq salmaq istəyirlər, insanları yenidən orta əsrlərin qaranlığına qaytarmaq, vətəndaş qarşıdurması yaratmaq istəyirlər. Hər müsəlman ölkəsinin özünə xas tarixini eşələyib oradakı məzhəb ayrılıqlıqlarını üzə çıxarmaq, mübahisə və müzakirə obyektinə çevirib daha da dərinləşdirmək, ilk baxışda zərərsiz görünən elmi-tarixi mübahisələri insanların şəxsinə yönəltmək, onlarda bir-birlərinə qarşı qıcıq, nifrət hissləri yaratmaq, nəhayət lazımi anda bunu küçələrə daşımaq - məqsəd budur.

Ona görə tarixi xortdadırlar, ölüləri məzarlardan qaldırırlar...Məzhəb məsələsi "Quranda məzhəb yoxdur","islamda məzhəb olmamalıdır" kimi ilk baxışda mütərəqqi, lakin nəticədə daha böyük irticaya gətirib çıxaran şüarlarla həll edilə bilməz.

Bir tarixçi, sosioloq dinə zamanla olğunlaşmış, tarixi, siyasi, iqtisadi, mədəni münasibətləri özündə birləşdirən çox mürəkkəb bir ictimai institut kimi baxmalıdır. Ona görə də insanların məzhəblərinə saldırmaq, onu yox saymaq, düzgün və ya qeyri düzgün hesab etmək yox, bir dunyəvi dövlətin konstitusiyasında, beynəlxalq konvensiyalarda yazıldığı kimi müxtəlif məzhəb və konfessiyalara münasibətdə bərabər hüquqlu baxışı, onların arasındakı münasibətlərin qarşılıqlı sayğı və anlaşmaya söykənməsini təmin emək lazımdır.

Əslində dövlət bu gün bunu edir. Çox təəssüf ki, ictimai rəydə söz sahibi olan bəzi intellektuallarımız, ziyalılarımız, alimlərimiz, ictimai xadimlərimiz müəyyən səbəblərdən bu mürəkkəb məsələni məzhəbləri inkar dərəcəsində bəsitləsdirir, bu məsələyə münasibətdə radikallığın, subyektivliyin tətbiq səviyyəsini lazımınca müəyyənləşdirə bilmirlər.

Normal mübahisə və müzakirəyə açıq olmadıqlarına görə özlərini də, cəmiyyəti də nəticədə əksinə çevrilə biləcək bir ifrata sürükləyirlər.