Aləmzər Sadiqqızı - Səni Şuşaya da gətirdim...

YAZARLAR 13:49 / 11.09.2025 Baxış sayı: 2947

 

Səni nə vaxt sevdiyimi unutmamışam...Lap uşaqlıqdan "Yeddi oğul istərəm" filminə baxanda Humayda özümü görürdüm. Cəlala görüşdüyü səhnədə örtdüyü kələğayı o qədər gözəldi ki...Tez tez evdə kimsə olmayanda anamın sandığını açar səni başıma örtərdim...Güzgüdən bir gözəl qız baxardı mənə...Düşünərdim ki, niyə axı sandıqlarda həbs ediblər? Sən ki, bizi daha da gözəl göstərirsən...Bəzən yaşlı qadınlar səni çalıb yaş məclislərinə gedərdilər...Niyə toya yox , yas məclisinə? Bu məni əsəbləşdirərdi... Kəndimizdə bir qız vardı səni çox vaxt onun başında görərdim . Çox sevinərdim...Buna yüngüllük kimi baxırdı kənd adamı...Bəlkə buna görə böyüyüb yeniyetmə qız olanda da səni həmişə gizlində örtdüm...Səninlə şəkil çəkdirmişdim. Ancaq kimsə o şəkili "oğurlamışdı..."

İllər ötdü...sənə sevgim azalmadı. Bir dəfə Şəkiyə getmişdik...Al-əlvan kələğayılar vardı satışda ..Almaq istədim, ala bilmədim...

Sən mənim gizli sevdamdın...Həmişə içimdə gəzdirdiyim.

Mən bu yazını Şuşada yazıram...Hamı Cıdır düzünə qalxıb...Səhhətimlə bağlı mən aşağıda gözləyirəm ...Biz əziz və unudulmaz Xurşud banu Natəvanın 190 illik yubileyinə gelmişik...Bu səfər mənimçün o qədər müqəddəs idi ki, sözlə ifadə etməyə çətinlik çəkirəm...Uşaqlıqdan içimdə bir Natavan ağrısı, Natəvan sevgisi gəzdirmişəm...Həyatı faciələrlə dolu şair xanım, ictimaii xadim, xeyirxah Xan qızı...Onun görüşünə gəlmək, dağılan yurd-yuvasını görmək sevincli olduğu qədər həm də kədərli idi.

Mən səni Xan qızının görüşünə gətirdim...İstədim ki, onun ruhu görsün ki, biz onun baş örtüyünü hələ də əzizləyib saxlayırıq...

Səndən çox yazmaq olar...Ey mənim millətimin ucalığı, məsumiyyəti, qeyrəti, paklığı!!! Bapbalaca zaman kəsiyində yazdım səni...

Çünki səni məndən də çox sevən əziz rəfiqəm Ğüllüyə söz vermişdim... Sənin haqqında məhz Şuşada o müqəddəs məkanda yazacaqdım...

Sən bizim keçmişimizsən! Sən bizim bu günümüzsən! Sən bizim gələcəyimizsən!!!! Səni unutmağa qoymariq... Sən axı bizim min illərin yadigarisan!!!