Aida Adıgözəldən : FİKİR ÇƏLƏNGİ

YAZARLAR 10:11 / 24.08.2025 Baxış sayı: 11363

Ən nifrət etdiyim ölçüdür məsafələr...

Qulağımda

axıb gedən zaman diliminə

qurban olan

bədənimizdəki eşq hüceyrələrinin qışqırıqları,

mələfənin qırışlarında ağlayan pıçıltılar,

boynumun arxasında səngiyən

gilavar hənirtisi kimi nəfəs,

dodağımda qımışan ilıq öpüş...

Ən zəhləm gedən fəslidir qış fəsli...

niyə üşüdüyümü də bilmirəm.

Sanki içimdəki sobanı biri söndürüb getmiş gedər gəlməzə.

Yanaqlarımın ən çox islandığı fəslidir payız...

Kipriklərimin xəbəri də olmaz gözümdən düşənlərdən.

Ən sevdiyim fəslidir bahar,

hələ may...

məni xoşbəxt etmək üçün

bütün güllərin yalan danışıb

vədlərdən tələ qurduğu tilsimli görüş ayıdır may...

Otel otağının pəncərəsindən doğan həsrətə baxmaq,

Avtovağzal kafesində səhər çayından,

zəhər çayından qurtumlamaqdır.

Ən çox küsdüyüm fəslidir yay...

Ən çox dalaşdığım aylardır iyun-iyul-avqust,

ən çox yerə düşüb qırıldığım,

ən çox unudulduğum,

ən çox barışıb ayrıldığım,

içimdəki uşağın dil açıb danışdığı fəslidir bu ay...

Gənə kimi canıma daraşmış sənsizliyin

qapısında

şöngümüş ayrılığın

ilan kimi soyuq gözləri ətimi ürpəşdirir.

Demə getdikcə daralan dalanın ucunda

kiçilən,

öləziməkdə olan ümidin adıymış qaranlıq.

Ən uzaq yola götürən körpüdür fəsillər...

Ondan sevmirəm körpüləri,

çünki ən nifrət etdiyim ölçüdür məsafələr...

*******

Mini hekayələr

Körpə gülürdü beşiyində ,

məsum çöhrəsində təbəssüm səyriyirdi.

Hərdən dodaqları dartıllrdı yuxuda,

onu güldürən nəyəsə.

Sinəsi qalxıb düşürdü,

sirli sirli nəfəs çəkməyi aparırdı adamı.

bükülmüş əli arasından çıxan barmağı

dünyaya nəsə göstərirdi .

× × ×

Hamıdan gizlənmişdik,

çəkilmişdik yeraltı mağaramıza.

Adamlar bizi görmürdü...

Biz özümüz yerimizi bildirdik onlara,

qar uçqunu başlayanda,

zəlzələ olanda,

vulkan püskürəndə,

sel gəıəndı...

× × ×

labirintə düşmüşdüm,

ömrün başına dolanırdım,

sənə rast gəldim.

Sənin başına dolanmağa başladım,

nə gizlədim,

sənin başına dolanmaq

bütün ömrün başına dolanmaqdan

daha gözəl idi.

× × ×

Kirli saçları pırtlaşıq qızcığaz

kəndir yelləncəkdə,

düşən yandırıcı

gün şüalarına baxmayaraq

üzündə nikbin təbəssümlə,

bitli başını qaşıyıraq yellənirdi.

Ac idi,

anasını gözləyirdi,

işdən gələcək,

ona yemək verəcəkdi.

Qonşu həyətdə oynayan,

nənəsi tərəfindən əzizlənən

rəfiqələrini isə

anası çoxdan günorta yeməyinə səsləmişdi.

*****

Ən güclü tamaşa və filmlərin aktyorlarını səhnə arxasında gözləyən güzgülərlə dolu bir kulis otağı vardır ki, tamaşadan sonra orada özlərinə baxıb, makiyajlarını silib əsl simalarını görüb tanıya bilirlər...

Hərdən darıxmaqdan, boşluqdan ibarət olur insan. Ünvansız səbəblərdən kədərə bürünərsən. Əslində bəlkə də bilirsən, sadəcə mümkünsüzlükləri anladığınçın susarsan gecələrin sirli səssizliyinə...

Sizi sizdən yaxşı tanıyan və sizin üçün mücadilə edən insanları itirməyin.

Çünki o insanlar nə tərk etdikləri yerə, nə də çıxdıqları ürəyə geri dönürlər...

Həssas insanlar həmişə tənhadır. Çünki bir çox şeyləri dənəmiş, həyatın təcrübə meyvəsini yemişlikləri vardır.

Məsələn, sevdiyiniz birisini tanımaq istəsəniz ondan sudan bir səbəbdən ayrılın. İlk davada çəkib gedərsə, haqqında dedi-qodu yaparsa qətiyyən ona bir daha geri dönmə şansı verməyin.

Sənə özünü dost hesab edən birisiylə bircə dəfə mübahisə et, anında sənə nəninki etdiklərini, hətta etmədiklərini belə başına qaxacaq.

Səndən diod kimi istifadə edənlərdən uzaq dur, yalandan söz verən adamlardan da. Hansı ki altında ancaq öz çıxarlarını sağlamaq, güdmək məqsədi vardır.

Rollar uğurlu deyil, obrazları başarılı oynayan aktyorlar vardır.

Hər güzgünün arxasınca məchul bir qaranlıq gizlənmişdir.

İnanmaq şübhənin bitmədiyi, olmayacağı deyil,

bəzən verilən şans,

bəzən isə ovun düşəcəyi tələni məharətlə qurmaqdır.

Gözlə görülən doğrular qulağa çatan yalanlardan daha acı olur.

Hər axmaq və yaxud sadəlövh görünən sifətin altında ağıla gəlməyən qəddar bir maskanın olduğuna inanın.

Elə möhkəm görünən həqiqətlər vardır ki...

neçə mərtəbəli yalanın bünövrələri üstündə qurulmuşdur.

Bəzən doğru göründüyünə inandığın mənzərənin əslində tamaşa dekorları olduğunu anlamazsan...

Aktyorlar səhnədə obrazları oynayar, tamaşaçılar da alqışlayar, qazanan isə ssenari olar.

Köhnə dostu vaxtilə səni əzdirdiyi düşmən qapılarında onlarla el-dil birliyində olduğu sürəcə nə bağışlamaq olur, nə yenidən dost deyib bağrına basmaq!

Keçmiş - sadəcə zaman limiti bitmiş, amma acıları, xatirələri daim səninlə bərabər yürüyən yol yoldaşıdır.

Mən çoxdan sinəsinə ürək yerinə daş basmış adamam, daşdan soyuqluqdan başqa kimsəyə işıq və istilik gəlməz.

Yanmış, yandırılmış körpüdən geriyə qayıtmaq istəsən - səni gözləyən ancaq boşluqdur.

Oxuduğun kitabı təkrar oxuyanda hadisələr səndə daha həyəcan yaratmır.

Atılmış güllə öldürsə də artıq boş gilizdir, öldürməsə də...

Ayrılıqlar ümidləri öldürür, zamansa ağrıları...

Qırdığın çiçəklərin yerində toxum, güllərin dibində kök buraxmamısansa yenidən bitib pöhrə verəcəyini gözləmə.

Hər açılan yeni sabah başqa günəşə gülümsəyir.

Bütün nağılların sonunda göydən üç alma düşür.

Ən maraqlı filmin belə axırıncı fraqmentindən sonra "SON" yazılır...