Aida Adıgözəl - Tənha qadınların ən yaxın dostu...
Tənha qadınların ən yaxın dostudur göz yaşı, kədər.
Bəzən səbəbsiz ağlayıb
səbəbsiz gülərlər.
Bir də gördün ayna qarşısında şıdırğı leysan gedər,
qıpqırmızı günəş doğar gözlərinə yuxusuzluqdan.
Ya da bənizi ağappaq ağarmış ay baxar üzünə məhzun məhzun
pəncərədəki mavi tülün arxasından.
hərdən möcüzə olsa,
sapsarı günəşi görsə təbəssüm qonar dodağının bir küncünə,
"gün hayandan çıxıb"- deyə...
O üzdən məndən sorsan- "hansı fəsili çox sevirsən",
düşünmədən bircə kəlmə deyərəm.
Payızı...
Məni hamıdan yaxşı anladığı üçün...
Bir gün anladım ki
Bir gün anladım ki, şeirlər sənə,
qiymətli sözləri sənə seçmişəm.
Bir gün anladım ki, sənin uğruna
nə qədər toz-torpaq, nə qədər daşlı,
tikanlı yolları neçə minillik
nəmli otağımda səssiz keçmişəm.
Bütün ağrıları, bütün dərdləri
xəbərin olmadan tənhalığımda
doldurub könlümün qəm badəsinə
səninlə xoş günə sənsiz içmişəm.
Bir gün anladım ki mən bambaşqayam.
Dolmuşam, daşıram, mən dağılıram.
Sığmıram içimə...
Bir gün anladım ki qopub düşmüşəm,
saralmış, xallanmış xəzəl olmuşam.
Anladım, anladım elə sən demə
xəzəl olmaq üçün mən doğulmuşam.
Sən demə sevirəm xəzəl baxtımı,
sən demə sevirəm payız evimi,
qarı, yağışları, dəli küləyi,
içimdə nə varsa uçub dağılan
bütün xarabalıq, kədəri, qəmi,
xəzəldən qurulmuş xəzəl taxtımı.
Səssizcə götürüb payız dərdimi
beləcə ayrıldım öz budağımdan...
Danışıb bitmişəm, susuram indi,
nağılım da bitib, yox danışmağa.
Yığmışam köçümü sürgün fəsiləm,
daha çıxım gedim unudulmağa!..
Ən uzun gedilən yoldusa əgər
onun da sonu var hardasa bitən,
hər şey gözəl olur bitsə dadında.
Sənlə davam bitib, işim Tanrıyla,
tutub yaxasından sorğulayacam,
yazımın soyuğun, yayımın qarın,
bütün çıxıb gedən, unudanların.
Tanrı, bu payızı gəl çək üstümdən, tumurcuqlamışam avqust ayında...
Bizi vaxtsız tərk edib gedən dostlarıma elegiya
Mən də bir gün bax beləcə səssiz-səmirsiz gedə bilərəm.
Sahibsiz qalan profilimə baş sağlıqları yazılar
ölümümə "üzülən" dostlar tərəfindən,
mən görürəmmiş,
oxuyurammış kimi...
Gülümsəyər dodağımın sağ küncü,
gözümdən süzülər son damcı gülüşümün üstünə,
-"sağlığında kor Fatma, öləndə badam gözlü canım"...
Nə yerim Fəxri xiyaban olar,
nə dəfnimdə çıxış edər orkestr!
Nə də odlu-alovlu nitq söyləyər qalstuklu adamlar...
Sağlığımda bəyənmədiyim molla
vəfalı it kimi kəsdirər başımın üstünü!
O da mənasını anlamadığı ərəb sözlərinin sayəsində
cibinə girəcək 100 manatı
hara xərləyəciyinin sevincində!
Buz kəsən vücudum
canını dişinə tutub son dəfə
qoyub getdiyim dünyanı seyr etmək üçün
gözlərimi dilə tutar...
Ehhh!
Ağlasa anam ağlar,
anamdan başqası yalan ağlar!
Salam təzə evim...
Yalan dünyadan haqq olan dünyaya gəlişim mübarək!..
Darıxanda söylə
Biraz narın çisəyə, biraz həzin yağışa,
darıxanda dərdini pıçılda buludlara.
Görsən islanmamışam, bəlkə də duymamışam,
mütləq ki, gətirəcək, söylə gur leysanlara.
Mən gülü çox sevirəm, hələ çöl çiçəklərin,
hələ çobanyastığın, ağappaq ləçəklərin.
Xallı "fatma ananın", bəzəkli böcəklərin
içində axtaracam, söylə baldırğanlara.
Qabağına nə çıxdı, söylə nəyə inansan,
dumduru şehə batsan, sümüyəcən islansan.
Əlin mənə çatmasa, korun - korun odlansan, yenə də anlayacam, söylə lal gümanlara.
Havadan anlayacam, qurudan anlayacam, yağışlı gölməçədən, lil sudan anlayacam.
Sənin nəyinə lazım hər hardan anlayacam,
söylə, kimə gəldi de, filan - beşməkanlara...
Darıxanda dərdini pıçılda buludlara,
darıxsan anlayacam, inan ki, anlayacam...