Afiq Muxtaroğlu : - Şeytan şapalağı uşaqlar idik...
***
Şeytan şapalağı uşaqlar idik,
Kəsmirdi ağlımız çox şeyi onda.
Gözəl görünürdü günəş də, vallah,
Hər səhər çıxırdı qırmızı donda.
Qorxuyla yükləndi cılız canımız,
Əzir indiyədək o yüklər bizi.
Xortdanla, xoxanla xox gəlirdilər,
Cinlə qorxudurdu böyüklər bizi.
Hələ dirədöymə dəbdəydi onda,
Aşıq atırdılar cavanlar hələ.
Hər çəpər dalında bir qız baxışı,
İgid oğlanlara qururdu tələ.
Bir igid oğlana ad edilirdi,
Elin çirkin qızı göyçək adıyla.
Yüz tərif yağdırıb o qara qıza,
Xonçalar tutuldu çiçək adıyla.
Bir durna köçüylə gəlirdi payız,
Dinşək kəsilirdik durna səsinə.
Bir sabah hamımız dik atılırdıq,
Nağara səsinə, zurna səsinə.
O igid oğlanla çirkin arvadı,
Baxırdıq ev olub, eşik olublar.
Baxırdıq, baxırdıq təzə toylular,
Vallah, bir-birinə aşiq olublar.
Biz onda əl boyda uşaqlar idik,
Seçə də bilmirdik ağı qaradan.
Bir də eşidirdik bir çirkin qızı,
Bir igid götürüb, çıxıb aradan.
3 dekabr 2024-cü il