Zəfər  müjdəli qayıdış

YAZARLAR 13:46 / 26.10.2026 Baxış sayı: 582

 

Əbədi, əzəli  torpaqlarımız,  bu  torpaqlarda yurd-yuva quran dinc əhali  erməni təcavüzünə  məruz qalanda sinəsini  düşmən həmləsinə  sipər edən qəhrəman  Vətən oğullarından biri də Fikrət idi.   

Fikrət Abbas oğlu Əzizov (1961-1992) Qaradağ rayonunun Qobustan  qəsəbəsində sadə və zəhmətkeş  bir ailədə doğulub,  boya-başa  çatmışdı. O, təhsilini Qobustan qəsəbəsindəki 195 saylı səkkizillik  məktəbdə tamamlamış,  hərbi  xidmətə qədər  qəsəbədəki  5 sayli Yük Avtonəqliyyat müəssisəsində çilingər  kimi çalışmışdı.

Ordu sıralarında hərbi xidmətini  başa vurduqdan sonra Fikrət atasının işlədiyi müəssisədə - Korgöz Tikinti materialları  kombinatında (daş karxanasında) Abbas kişinin davamçısı  kimi,  çörəyini  daşdan çıxarmaq yolunu seçir. Çörəyi daşdan  çıxarmaq da  bir qəhrəmanlıq nümunəsidir. Bu qəhrəmanlıq təbii ki, əmək və zəhmət meydanında qazanılan bir qəhrəmanlıqdır.

Fikrət  bizim yaşdımız və məktəb yoldaşımız idi. O, dağ cüssəli, qaynar və həyatsevər təbiətli  bir gənc idi. Fikrətin  adı çəkiləndə həmişə   Nizami Gəncəvinin əsas qəhrəmanlarından biri  olan – Bisütunu  muma döndərən Fərhad obrazı  gözlərimizin önündə canlanır. Fərhad  və Fikrət  şəxs adları arasında qəribə bir yaxınlığın, oxşarlığın  ilkin əlamətlərini də hiss etmək  o qədər  çətin deyil. Fərhad  öz məhəbbəti  yolunda  hünər göstərən  bir aşiq idi. Fikrətin  vətən aşiqliyi  mükəmməl bir eşq  fəlsəfəsi idi. Onun burada təfərrüatı ilə  şərh etməyə, incələməyə elə bir ehtiyac da yoxdur.                                                                                         Fikrət  ailəsini,  körpə uşaqlarını düşünmədən, ölüm-dirim savaşına atılan  bir qəhrəman idi. O, bu amansız döyüşə könüllü atılmışdı. Yaddaşlarda əbədi qalmaq üçün bu  yolu seçmişdi. Bu  yoldan onu heç kəs  çəkindirə  bilməzdi. 

Nə Fikrətin atasının,  nə də onu dünyaya  gətirən Tehran xanımın ağıllarına  da belə gəlməzdi ki, övladları  müharibə  və ölüm-dirim səngərinin əsil  qəhrəmanına çevriləcək.  Yaxşı  bir  deym var ki, qəhrəmanı zaman yetişdirir. Ancaq  qəhrəman  elə ana  bətnindən  də qəhrəman kimi  doğulur.                                                             

On  övlad  dünyaya  gətirən Tehran xanım da  qəhrəman ana idi. Sinəsindəki “Qəhrəman ana” ordeni ona təsadüfi verilməmişdi. Fikrət  onun qəhrəman ana statusuna öz qanı,  canı bahasına,  33 il naməlum  ərazilərdə qalan  şəhid cənazəsi ilə yeni  bir əlavə eləməyi  bacardı: Qəhrəman oğulun qəhrəman anası!

Fikrətin Ağdam cəbhəsindən Şuşaya, XX əsrin faciəsi olan Xocalıya qədər keçdiyi döyüş yolundan indi də ağız dolusu danışılır. Onun  döyüş meydanlarında göstərdiyi fədakarlıqlar hərbi əməliyyatlara dair  sənədlərdə özünün təsdiqini  tapır.   Bu  əfsanəvi, “Vəhşi” ləqəbli döyüşçünün  ölümün, amansız işgəncələrin pəncəsindən xilas etdiyi dinc sakinlərin  hekayətləri  nağıl qəhrəmanlarının şücaətini  xatırladır.

Ermənilərə qan udduran, onları qorxu və səksəkə içində saxlayan  Fikrəti ələ keçirənə,  məhv edənə küllü  miqdarda  mükafat  təsis olunması qəhrəmanın şücaəti haqqında düşmən  etirafı kimi,  bir  çox qaranlıq mətləblərə aydınlıq gətirir.  

Fikrətin bir qəhrəman döyüşçü kimi qayıdışı çox üzun çəkdi:  o, 33 ildən  sonra işğal  altında  inləyən torpaqlarımız  azad ediləndən, ərazi  bütövlüyümüz, suverenliyimiz tam  bərpa olunandan, erməni terror  dəstələrinin  sonuncu  nəfəri  Azərbaycan  ərazisindən  çıxarılandan  sonra  baş verdi. Bu,  belə də olmalı idi.  Fikrət  qarşısına  qoyduğu    məqsədə çatmadan qayıda bilməzdi. Qayıdış  yalnız qələbədən sonra  mümkün idi.

Bir il bundan əvvəl – oktyabr ayının 30-da  Fikrətin  üçrəngli  bayrağa bürünən  nəşinin  gətirilməsi,  dövlətin uzun illər  öz igid  döyüşçüsünü intizarla  gözləyən yaxınları, doğmaları ilə görüşdürdü.  Fikrət  öz doğma ev-eşiyinin  bir  neçə saatlıq qonağı oldu.  Bunu  əks etdirən   kadrlarda,  video-görüntülərdə   doğmaların, yaxınların Fikrət  üçün  axıtdığı göz yaşlarını,  insanı duyğulandıran, kövrəldən məqamlara  baxmaq  bu  qəhrəman  döyüşçünün taleyi    barədə  ürək sızladan, eyni zamanda, qürurverici  bir  təəssürat  yaradır.

Dövlət  strukturlarının, rayon və qəsəbə ictimaiyyətinin iştirakı ilə keçirilən matəm mitinqində şəhidin döyüş yolundan, şücaətindən geniş  bəhs edildi. Təsirli və kövrək notlar üstə çıxışlardan  biri də  baba  Fikrətin  nəvəsi – adının yanına Fikrət  sözünü yazan Dərya Fikrətin çıxışı idi. Dəryanın  babası Fikrətin  doğma ev-eşiyinə  gəlişini, üçrəngli  bayrağa bürünmüş  tabutunu gül yağışı ilə  qarşılaması da  belə  təsirli  səhnələrdən biri kimi yadda  qaldı. 

Üzünü  görmədiyi, nəvazişini hiss etmədiyi babası  haqqında  məktəbli qızın vida  sözündə kədərlə, dərin hüznlə  qürur hissinin qəribə bir vəhdət halına  gətirilirdi.  O, ötən  bir il müddətində babasının  ruhunu şad edəcək bir uğura da  imza atıb – ali məktəb tələbəsi adını qazanıb.

O, Fikrət həsrəti ilə dünyadan  köçən  ata-anasının uyuduğu “Sofi Həmid” qəbirsanlığında  hərbi  və islami qaydada  canından əziz  sevdiyi  torpağa  tapşırıldı.  Zəfərlə qayıdan Fikrət əbədiyyət  ünvanlı  bir  qəhrəmandır.       

         Nur içində uyu əziz dost, zəfərin mübarək!

                           

                            Qürbət  Mirzəzadə,                                                    

                   AMEA Nizami Gəncəvi adına Ədəbiyyat   İnstitutunun aparıcı elmi işçisi,

filologiya üzrə fəlsəfə doktoru, AYB-nin və AJB-nin  üzvü                                 

                            Bakı: 25 oktyabr 2026