Tahir  Rzayev, Komitə sədri : - “Bu zəng həmin şəraitdə Azərbaycan xalqına və dövlətinə göstərilən diqqətin, ehtiramın ifadəsidir."

SİYASƏT 12:25 / 26.10.2026 Baxış sayı: 1769

“Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əsrlər boyu davam edən sarsılmaz münasibətlərə, milli-mənəvi dəyərlərə və tarixi ənənələrə əsaslanır. Bu gün də həmin qardaşlıq və dostluq ənənələri qorunur, daha da möhkəmlənir və qüdrətlənir. Lakin bu dostluğa və qardaşlığa kölgə salmaq istəyən qüvvələr var. Dünən də belə qüvvələr olub, bu gün də mövcuddur, gələcəkdə də olacaq. Çünki iki qardaş xalqın, canıbir və qanıbir olan, milli və dini dəyərləri ortaq olan xalqların uğurlarına kölgə salmaq istəyənlər, bu dostluğa mane olmağa çalışanlar hələ də mövcuddur. Onlar türk dövlətlərinin birliyini, möhkəmlənməsini və vahid qüvvəyə çevrilməsini heç vaxt istəməyiblər. Bu gün də öz mənfur niyyətlərini həyata keçirmək üçün hər vasitəyə əl atırlar”.

Yenises.az bildirir  ki  bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət  vəkili  Tahir Rzayev mətbuata  açıqlamasında deyib.

O bildirib ki, son günlər hicab məsələsini gündəmə gətirən Türkiyənin bəzi avantürist, nurçu və aqressiv islamçı dairələri Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirir, yanlış fikirlər yayır, iki qardaş xalqın və dövlətin birliyinə kölgə salmağa çalışırlar:

“Əlbəttə, bu, qəbuledilməzdir və heç vaxt qəbul edilə bilməz. Çünki Türkiyə və Azərbaycan iki dövlət, bir millətdir. Bizim sevincimiz də, kədərimiz də, toyumuz da, düyünümüz də, yasımız da birdir. Azərbaycan ən çətin anlarda Türkiyənin yanında olduğunu nümayiş etdirib. Zəlzələ baş verərkən Türkiyəyə ilk yardım əlini uzadan, maddi və mənəvi dəstəyini göstərən Azərbaycan dövləti oldu. Bu dəstək yalnız dövlət səviyyəsində göstərilmədi. Ən adi vətəndaşlar da Türkiyəyə dayaq olduqlarını nümayiş etdirdilər, son tikələrini, son manatlarını yardım kimi təqdim etməyə hazır olduqlarını bildirdilər. Eyni zamanda, Türkiyə də həmişə Azərbaycanın yanında olub, ölkəmizin haqlı səsini və mövqeyini ən mötəbər tribunalardan bəyan edib. Torpaqlarımız işğal altında olduğu dövrdə də, müharibə zamanı da türk qardaşlarımız Azərbaycan dövlətinə və xalqına mənəvi dəstək göstəriblər. Əlbəttə, bütün bunlar müəyyən dairələri narahat edir. Onlar qardaşlığa mane olmağa, insanları öz yolundan döndərməyə, adi məsələləri şişirdərək siyasi müstəviyə keçirməyə çalışırlar. Lakin bu cəhdlər əbəsdir. İki dövlətin prezidentlərinin və xalqlarının nümayiş etdirdikləri iradə və qarşılıqlı etimad bunu bir daha sübut edir”.

Onun sözlərinə görə, Oktyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib:

“Bu zəng həmin şəraitdə Azərbaycan xalqına və dövlətinə göstərilən diqqətin, ehtiramın ifadəsidir. Bu, həm də gələcək əməkdaşlıq üçün yeni perspektivlər açır, beynəlxalq məsələlərin həllində birgə mövqedən çıxış etməyi daha da aktuallaşdırır. Bu gün Azərbaycan və Türkiyə yalnız regional məsələlərin həllində deyil, dünyada baş verən proseslərin qiymətləndirilməsində də yaxından iştirak edirlər. Ölkələrin siyasi, iqtisadi və təhlükəsizlik məsələləri hər iki dövləti ciddi şəkildə düşündürür. Bu gün hər iki dövlət beynəlxalq aləmdə sülhün, əmin-amanlığın və demokratiyanın təmin olunmasına töhfə verir. Azərbaycanın və Türkiyənin bəşəriyyətə göstərdiyi dəstək yüksək qiymətləndirilir. Münasibətlərimizin sağlamlaşdırılması və möhkəmləndirilməsi dövlətlərimiz və xalqlarımız üçün böyük əhəmiyyət daşıyır, gələcəyimiz baxımından mühüm fayda verir. Bu, həm də beynəlxalq aləmdə birgə mübarizə aparmağımıza və ortaq mövqedən çıxış etməyimizə imkan yaradan əsas amillərdəndir. Ona görə də dövlətlərimiz arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi iqtisadiyyatımızın inkişafı, beynəlxalq aləmdə gücümüzün artırılması və xalqlarımızın xoşbəxt gələcəyi baxımından son dərəcə vacibdir. Bu istiqamətdə görülən hər bir iş, keçirilən hər bir görüş, edilən hər bir telefon zəngi və aparılan hər bir danışıq yüksək qiymətləndirilməlidir”.