Ramiz  Qusarçaylı - Yerində

Ədəbiyyat 10:37 / 26.10.2026 Baxış sayı: 666

 

Qədrin artıq olsun qədir yiyəsi,

Vədin də yerində, yer də yerində.

Kimə qalıbdı ki, dünyanın varı,

Qızıl da yerində, zər də yerində.

 

Nə əməl tək əməl, nə söz tək sözsən,

Nə ömrə qumaşsan, nə qora bezsən,

Qovub xeyri şərə calama tez sən

Xeyir də yerində, şər də yerində.

 

Sən üzən dünyanın hamar üzüdü,

Kim yoxa boğulur, kim var üzüdü,

Hər yalan bir qara divar üzüdü,-

Adamlar yellənir pərdə yerində.

 

Əyrilər çox əyib düz adamları,

Dərdini qoruyur söz adamları,

Daha qınamıram pis adamları

Allah da yerində, pir də yerində ...