Saqif Qaratorpağın   ŞEİRLƏRİ

Gündəm 10:04 / 26.10.2026 Baxış sayı: 825

26 Oktyabr - Çox  Dəyərli  və Halal  ŞAİR  dostmun  DOĞUM  GÜNÜDÜR!  Onu  ürəkdən  təbrik  edir, can  sağlığı  və  yaradıcılıq  uğurları  diləyirəm! 100 yaşa, Xoş  yaşa  DƏYƏRLİ  ŞAİRİM!

Sayqı    və  Sevgilərlə  Yenises.az - adından  Əbülfət  Mədətoğlu.

***

Qismət olsa, görüşərik nə vaxtsa,

Ya baharda,ya payızda,ya qışda.

Bircə mənə öz yanında yer saxla,

Ya ayaqda,ya ortada,ya başda...

Giley eylər, mənə,səndən razılar,

Qəm göyərdər həsrət yazan yazılar.

Tumurcuqdu sinəmdəki arzular,

Solub gedər bircə soyuq baxışda.

Bəxt gəmisi dönər,dönməz?

nə deyim...

Fərq eləməz qınasan da fələyi.

Cadar-cadar bir səhradı ürəyim,

Nə bitirər gözündəki yağışda?

Məni gəzir nə zamandı bir ölüm,

Demək mənə çox heyrandı bir ölüm...

Məndən ötrü sərgərdandı bir ölüm,

Ya yoldadı,ya gözdədi,ya qaşda.

Hər xatirə-əl çatmayan bir ada,

Son ümidi barı vermə gəl bada...

Bir ömürə pəncərədi bu sevda,

Ya gülə tut,ya naxışda,ya daşda.

***

Bir payız axşamı gəl,

Yarpaqlar saralanda.

Kölgələr uzananda,

Üfüqlər qaralanda.

Bir payız axşamı gəl,

Göydə ulduz axanda.

Buludlar hönkürəndə,

Narın yağış yağanda.

Saçlarına sığal çək,

Bir az ətirlənib gəl!

İslanıb üşüyərsən,

Gəlsən,çətirlənib gəl!

Yollar elə sevinsin,

Yüyürsün ayağına.

Yanaqların qızarsın,

Şeh düşsün dodağına.

Gəl,duman çəkiləndə,

Ay buluddan çıxanda.

Əllərim çiçəkləsin

Bənövşətək yaxanda.

İtsin təbəssümündə,

Başımdan çıxsın ağlım.

Gəl,təzədən başlasın

Ömrün köhnə nağılı..

 

Səni gözləyirəm

Səni gözləyirəm bir payız günü,

Saralan ömrümün qürub çagında.

Titrək əllərinlə bir ocaq qala

Üsüyən könlümün qəm otağında.

Səni gözləyirəm gün əyiləndə,

Hamı qarışanda biri-birinə.

Fikrim dolaşanda,ağlım çaşanda,

Şəklin danışanda sənin yerinə.

Səni gozləyirəm,Ayın kölgəsi

Soyuq pəncərəmdə güzgülənəndə.

Gündüz gözlərimdən kədər baxanda,

Gecə kirpiyimdən yaş ələnəndə...

Səni gözləyirəm,gəl,döy qapımı,

Qəlbimin odunu alışdır yenə.

Başımı dizinə qoyum hər axşam,

Bəyaz saçlarımı qarışdır yenə.

06.08.2026

 

***

Mən səni harda görmüşəm,

Bu qədər doğmasan nədən?

Yoxsa ilk dəfə gördüyüm

Yuxudan çıxıb gəlmisən?

Yolun nə yaman uzandı?

Bax,üstümü xəzəl alıb.

Zalım,səni gözləyirəm

Min ildi xəyala dalıb...

Uzat,tutum əllərindən,

Ətrinə batım,bayılım.

Göz yaşını səp üstümə,

Şirin yuxudan ayılım.

26.09.2024.

***

Əllərimin günahını

Sən yaxşı bilirsən,

Gizlənməyə yer axtarar,tapmaz...

Qarış-qarış dolanar kainatı...

Hər gün

Təbəssümündən pay umar,

Sənə sığınar hər gecə.

Ərköyün uşaq kimidi,

Küssə,qayıtmaz bir də...

Əllərimin günahını

Sən yaxşı bilirsən,

Bulaq təşnəsidi,

Su həsrətiylə yanar...

Hərdən azar

Iki dağ arasında,

Qalar bir vadidə sərgərdan...

Əllərimin günahaını

Sən yaxşı bilirsən...

Yaxşı tanıyır səni,

Telindən dırnağınacan,

Hər daşın adını yaddaşına yazar...

Əllərimin günahını

Sən yaxşı bilirsən,

Cəzasını özün kəs,

Qanı(m) halaldı sənə...