Vahid Aslan - Tənha qadın

Ədəbiyyat 09:36 / 16.01.2026 Baxış sayı: 2579

 

Bir də güzgüyə baxdı,

Saçı çox ağarmışdı;

İllərin kədər payı

Alnında iz salmışdı;

 

Dərindən köks ötürdü,

Qəhərləndi bir az da;

Gileyləndi qədərdən:

- Bəxtimi qara yazdı...

 

Xatırladı qayğısız

Uşaqlıq illərini,

Gəncliyinə uzatsa

Çatarmı, əllərini...

Daşlaşan ayaqları

Süründü çarpayıya,

Gözlərini zillədi

Külək döyən qapıya;

Bilirdi, çoxdan bəri

Gələni-gedəni yox;

Bu dünyada tənhalıq

Sıxırdı onu ən çox;

... Gözünün gülüşünü,

Görən kim işğal etdi?..

Səhərədək düşünüb,

Qadın, yuxuya getdi.

19.11.22