TEXNOLOJİ İNKİŞAFIN VAHİD RƏQƏMSAL ARXİTEKTURA PROBLEMİ

YAZARLAR 21:00 / 03.03.2026 Baxış sayı: 137

 

XXI əsrin ikinci onilliyindən etibarən qlobal iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsi rəqəmsal transformasiya, süni intellekt texnologiyaları və böyük verilənlər ekosisteminin formalaşması olmuşdur. Rəqəmsal iqtisadiyyat artıq ənənəvi iqtisadi modelləri üstələməkdə, dövlət idarəçiliyindən sənayeyə, maliyyə sektorundan sosial xidmətlərə qədər bütün sahələrdə struktur dəyişiklikləri yaratmaqdadır. Bu kontekstdə Azərbaycanın texnoloji iqtisadi inkişafının yeni nəsil rəqəmsal arxitektura üzərində qurulması məsələsi strateji zərurətə çevrilmişdir.

 

2026-cı il 11 fevral tarixində keçirilmiş müşavirədə ölkə prezidenti, cənab İlham Əliyev tərəfindən “Azərbaycanın yeni rəqəmsal arxitekturası”nın vahid fəaliyyət planının zəruriliyini qeyd edilməsi 27 fevral 2026-cı ildə isə 2026–2028-ci illər üzrə həmin Fəaliyyət Planının təsdiq edilməsi, bu sahənin dövlət səviyyəsində prioritet elan edilməsiylə həmin problemin aktuallığını bir daha təsdiqləmişdir.

Dövlət başçısı rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması və fiber-optik infrastrukturun genişləndirilməsini Azərbaycanın uzunmüddətli, dayanıqlı inkişafının əsas şərtləri kimi müəyyən etmişdir. Bu yanaşma texnoloji transformasiyanın milli iqtisadi təhlükəsizlik, enerji potensialı və geoiqtisadi mövqelə inteqrasiyasını nəzərdə tutur.

Prezidentin çıxışında rəqəmsallaşma, süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, fiber-optik dəhlizlərin genişləndirilməsi və dövlət xidmətlərinin vahid platforma üzərindən təşkili ölkədə uzunmüddətli dayanıqlı inkişafın əsas şərtləri kimi müəyyən edilmişdir. Bu yanaşma yalnız texniki modernləşmə deyil, həm də institusional transformasiya, koordinasiyalı idarəetmə və insan kapitalının yenidən formalaşdırılması kimi kompleks problemləri ehtiva edir. Belə ki, müasir mərhələdə qlobal iqtisadi sistem sürətli rəqəmsal transformasiya prosesini yaşayır. Rəqəmsallaşma, süni intellekt, böyük verilənlər (Big Data), bulud texnologiyaları və kibertəhlükəsizlik artıq yalnız texnoloji yenilik deyil, iqtisadi artımın, rəqabət qabiliyyətinin və milli təhlükəsizliyin əsas determinantlarına çevrilmişdir. Xüsusilə 2030-cu ilədək süni intellekt texnologiyalarının qlobal ÜDM-ə trilyonlarla dollar əlavə dəyər qazandıracağı proqnozlaşdırılır ki, bu da rəqəmsal iqtisadiyyatın strateji əhəmiyyətini daha da artırır. Bu baxımdan Azərbaycanın texnoloji iqtisadi inkişafının yeni nəsil rəqəmsal arxitektura əsasında formalaşdırılması məsələsi yalnız müvafiq sektorların texnoloji modernləşməsi deyil, həm də milli iqtisadi inkişaf modelinin yeni nəsil struktur yenilənməsi kimi çıxış edir.

 

Bu istiqamətdə Rəqəmsal infrastrukturun mövcud vəziyyəti və inkişaf dinamikası ilə əlaqədar qeyd oluna bilər ki, son illərdə ölkədə genişzolaqlı internet infrastrukturunun genişləndirilməsi, “Onlayn Azərbaycan” layihəsinin icrası, dövlət bulud texnologiyasının (Government Cloud) formalaşdırılması və “mygov” platformasının tətbiqi rəqəmsal transformasiyanın ilkin mərhələlərinin uğurla həyata keçirildiyini göstərir. İnternet sürətinin əhəmiyyətli dərəcədə artması, dövlət qurumlarının “dövlət cloudu”na inteqrasiyası və biometrik identifikasiya alətlərinin tətbiqi yeni nəsil rəqəmsal arxitekturanın texniki bazasını formalaşdırır.

Bununla belə, ölkədə bir çox texniki və institutsional problemlər hələ də qalmaqdadır. Belə ki, 1) dövlət qurumlarında məlumatların pərakəndə və fərqli standartlarla saxlanılması; 2) kağız əsaslı sənəd dövriyyəsinin tam ləğv edilməməsi; 3) vahid “data lake” (verilənlər hövzəsi) modelinin tam formalaşmaması; 4) rəqəmsal transformasiyanın bütün qurumlarda prioritet kimi qəbul edilməməsi; 5) kibertəhlükəsizlik risklərinin artması və s. kimi problemlərin mövcudluğu göstərir ki, əsas məsələ təkcə texnologiyaların tətbiqində deyil, həm də vahid koordinasiya mexanizminin, institusional inteqrasiyanın və hüquqi bazanın adekvatlaşdırılmasının təmin edilməsindədir.

Yeni rəqəmsal arxitektura probleminin aktuallığı bir neçə istiqamətdə özünü göstərir:

  1. Qlobal rəqabət mühiti – Süni intellektin 2030-cu ilə qədər dünya iqtisadiyyatına trilyonlarla dollar əlavə dəyər qatacağı proqnozlaşdırılır. Azərbaycan bu prosesdən kənarda qala bilməz.

  2. Enerji və geostrateji üstünlüklər – Ölkənin artan enerji generasiya gücü və Şimal–Cənub, Şərq–Qərb dəhlizləri üzərində yerləşməsi rəqəmsal tranzit və data mərkəzləri üçün əlverişli şərait yaradır.

  3. İqtisadi diversifikasiyanın zəruriliyi – Qeyri-neft sektorunun inkişafı və ixrac potensialının artırılması üçün rəqəmsal innovasiya əsas alət kimi çıxış edir.

  4. Dövlət xidmətlərinin səmərəliliyinin yüksəldilməsiFəaliyyət göstərən və perspektiv “ağıllı” xidmət modelləri vətəndaş-dövlət münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşdırır.

  5. Kibertəhlükəsizlik çağırışları və kiberdayanıqlıq – Artmaqda olan rəqəmsallaşma prosesi paralel olaraq milli informasiya təhlükəsizliyi sisteminin gücləndirilməsini zəruri edir.

Qeyd edilən problemlərin aktuallıq dərəcəsinin yüksək olması onunla əsaslandırılır ki, qlobal rəqabət mühitinin dəyişməsi nəticəsində rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadi modelləri üstələməkdədir. İKT sektorunun sürətli artımı, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və süni intellekt əsaslı qərarvermə mexanizmlərinin tətbiqi artıq inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında fərqləndirici meyar kimi çıxış edir. Azərbaycan qeyri-neft sektorunun inkişafını prioritet elan etdiyindən, rəqəmsal arxitekturanın qurulması iqtisadi diversifikasiyanın zəruri komponentinə çevrilmişdir. Bununla yanaşı olaraq ölkənin enerji və infrastruktur üstünlüklərinin olması rəqəmsal iqtisadiyyatın digər sektorlarla güclü inteqrasiyasına səbəb ola bilir. Bu aspektdə Azərbaycanın formalaşdırdığı nəqliyyat və energetika dəhlizlərinin gələcəkdə fiber-optik dəhlizlərə çevrilməsi ideyası ölkənin coğrafi mövqeyinin rəqəmsal tranzit imkanlarına transformasiyasını nəzərdə tutur. Mövcud generasiya gücünün artması və yaşıl enerji layihələrinin reallaşdırılması data mərkəzlərinin və “hökumət buludunun genişləndirilməsi üçün əlverişli əsas yaradır. Rəqəmsal arxitektura yüksək enerji tələbatlı süni intellekt həllərinin tətbiqi baxımından enerji təhlükəsizliyi ilə birbaşa bağlıdır.

Ümumiyyətlə dövlət idarəçiliyinin arxutektur transformasiyası şəraitində Elektron hökumətmodelindənağıllı dövlətmodelinə keçid artıq struktur zərurətə çevrilmişdir. “MyGovplatformasının vahid pəncərə prinsipi əsasında inkişafı, biometrik identifikasiya sistemləri və “hökumət buluduinfrastrukturunun qurulması dövlət-vətəndaş münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərir. Lakin məlumatların pərakəndə saxlanılması, fərqli platformaların koordinasiyasız fəaliyyəti və vahiddata lakemühitinin formalaşmaması rəqəmsal arxitekturanın effektivliyini məhdudlaşdıran problemlərə çevrilmişdir.

 

Hazırki dövrdə rəqəmsal transformasiya ilə paralel olaraq kibertəhlükəsizlik riskləri, kiberhücumların miqyası və mürəkkəbliyi də artır. Dövlət və özəl sektorun rəqəmsallaşması fonunda milli kibertəhlükəsizlik sisteminin institusional və texniki baxımdan gücləndirilməsi zəruri şərt kimi çıxış edir. Bu baxımdan sahəvi SOC-ların və CERT strukturlarının yaradılması, normativ bazanın təkmilləşdirilməsi və insan kapitalının gücləndirilməsi strateji əhəmiyyət daşıyır. Bu kontekstdə innovasiya ekosisteminin institusional zəifliyi hiss olunur. Startapların maliyyələşdirilməsi mexanizmlərinin məhdudluğu, vençur kapital bazarının inkişaf etməməsi və rəqəmsal ixracın aşağı səviyyəsi texnoloji iqtisadiyyatın tam potensialının reallaşmasına mane olur. Halbuki texnopark rejiminin tətbiqi, xarici şirkətlərlə əməkdaşlıq innovativ mühitin formalaşdırılması üçün baza yaradır.

Göründüyü kimi, qeyd edilən problemin aktuallığı iqtisadi təhlükəsizlik, milli rəqabət qabiliyyəti və institusional transformasiya kontekstində də özünü göstərmiş olur. Belə ki, yeni nəsil rəqəmsal arxitekturanın formalaşdırılması mövcud normativ-hüquqi baza ilə sıx şəkildə bağlıdır. Son illərdə qəbul edilmiş və ya təkmilləşdirilmiş normativ aktlar isə bu sahədə hüquqi transformasiyanın başlandığını göstərir.

Bu çərçivədə: 1) Rəqəmsal inkişaf və süni intellektin inkişafı konsepsiyasının qəbulu; 2) 200-dən çox normativ-hüquqi aktda dəyişikliklər; 3) İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyalarının təsdiqi; 4) Texnopark rezidentləri üçün xüsusi hüquqi rejimin yaradılması; 5) Startap və innovasiya fəaliyyətinin təşviqinə yönəlmiş qanun layihələrinin hazırlanması və s. rəqəmsal arxitekturanın hüquqi əsaslarını formalaşdırır. Xüsusilə “sandbox” rejiminin tətbiqi innovativ həllərin məhdud tənzimlənmiş mühitdə sınaqdan keçirilməsi üçün müasir hüquqi mexanizm kimi çıxış edir. Bu model dünya praktikasında fintex, səhiyyə texnologiyaları və rəqəmsal xidmətlər sahəsində geniş tətbiq olunur və Azərbaycan qanunvericiliyinə inteqrasiyası innovasiya ekosisteminin sürətlənməsinə xidmət edir. Bundan başqa, miqrasiya qanunvericiliyinin rəqəmsal səyyahlar və “freelancer”lər üçün uyğunlaşdırılması, vençur maliyyələşmə mexanizmlərinin hüquqi əsaslarının yaradılması, dövlət satınalmalarında innovativ məhsullar üçün xüsusi prosedurların tətbiqi rəqəmsal iqtisadiyyatın hüquqi dayanıqlığını təmin edən digər amillərdəndir.

Ümumiyyətlə Azərbaycanda son illərdə rəqəmsal inkişafın hüquqi əsaslarının formalaşdırılması istiqamətində mühüm addımlar atılmış, müvafiq sahədə sistemli hüquqi transformasiya proseslərinə başlanılmışdır. Bununla yanaşı, yeni çağırışlar mövcud qanunvericilik bazasının daha da təkmilləşdirilməsini tələb edir:

  • “Sandbox” hüquqi rejiminin tətbiqi – innovativ texnologiyaların məhdud tənzimləmə şəraitində sınaqdan keçirilməsi üçün çevik mexanizmlərin yaradılması;

  • Vençur və kraudfandinq mexanizmlərinin hüquqi tənzimlənməsi – startap maliyyələşməsinin institusionallaşdırılması;

  • Miqrasiya qanunvericiliyinin liberallaşdırılması – rəqəmsal səyyah və “freelancer” statuslarının tanınması;

  • Verilənlərin mühafizəsi və paylaşımı ilə bağlı vahid standartların müəyyənləşdirilməsi – süni intellekt tətbiqlərinin hüquqi əsaslarının möhkəmləndirilməsi.

Bu kontekstdə qoyulan problemin Azərbaycan qanunvericiliyi ilə məntiqi uzlaşması ondan ibarətdir ki, rəqəmsal arxitekturanın formalaşdırılması artıq normativ səviyyədə qəbul edilmiş prioritet olsa da, onun effektiv reallaşdırılması üçün hüquqi çərçivənin dinamik şəkildə yenilənməsi zəruridir. Hüquqi baza texnoloji inkişafdan geri qalmamalı innovasiyanı tətbiq edən və riskləri idarə edən mexanizm kimi çıxış etməlidir.

 

Beləliklə elmi-nəzəri kontekstdə problemin qoyuluşunun mahiyyəti ondan ibarətdir ki, ölkənin rəqəmsal transformasiya yalnız texnoloji modernləşmə kimi deyil, sosial-iqtisadi sistemlərin struktur cəhətdən yenidən qurulması prosesi kimi qiymətləndirilməlidir. Bu prosesdə yeni nəsil rəqəmsal arxitektura: 1) infrastruktur (enerji, fiber-optik, data mərkəzləri); 2) platforma iqtisadiyyatı (vahid dövlət platformaları); 3) verilənlər ekosistemi (data lake və süni intellekt tətbiqləri); 4) innovasiya ekosistemi (startaplar, vençur fondları, texnoparklar); 5) təhlükəsizlik sistemi (SOC, CERT, milli kibertəhlükəsizlik strategiyası) və s. kimi komponentlərin inteqrativ modelini tələb edir. Göründüyü kimi, problemin mahiyyəti yalnız texniki yenilənmə deyil, institusional, hüquqi və idarəetmə mexanizmlərinin kompleks transformasiyasıdır.

Azərbaycanın texnoloji iqtisadi inkişafının yeni nəsil rəqəmsal arxitekturasının yaradılması məsələsi qlobal rəqabət mühitində ölkənin mövqeyinin möhkəmləndirilməsi, iqtisadi diversifikasiyanın sürətləndirilməsi və dayanıqlı inkişafın təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Dövlət səviyyəsində irəli sürülmüş təşəbbüslər, formalaşmaqda olan normativ baza və mövcud infrastruktur üstünlükləri problemin həlli üçün əlverişli zəmin yaradır. Lakin bu potensialın reallaşdırılması vahid koordinasiya, hüquqi uyğunlaşdırma, insan kapitalının inkişafı və kibertəhlükəsizlik sisteminin gücləndirilməsi ilə mümkündür. Bu səbəbdən də tədqiqat problemi yalnız aktual deyil, həm də Azərbaycanın uzunmüddətli texnoloji-iqtisadi strategiyasının əsas istiqamətlərindən biri kimi çıxış edir.

Azərbaycanın texnoloji iqtisadi inkişafının yeni nəsil rəqəmsal arxitekturasının yaradılması problemi milli inkişaf modelinin transformasiyası ilə birbaşa bağlıdır. Dövlət səviyyəsində formalaşdırılmış strateji baxış, enerji və infrastruktur üstünlükləri, beynəlxalq tərəfdaşlıq formatları və mövcud hüquqi baza bu istiqamətdə mühüm imkanlar yaradır. Lakin koordinasiya, insan kapitalı, məlumatların inteqrasiyası və innovasiya maliyyələşməsi kimi sistemli məsələlərin həlli olmadan yeni nəsil rəqəmsal arxitekturanın tam formalaşması da mümkün deyildir. Bütün bunlar bir daha onu təsdiq edir ki, vahid rəqəmsal arxitektura probleminin aktuallığı və həllinin zəruriliyi qlobal və milli transformasiya çağırışlarından irəli gəlsə də onun praktiki realizasiyası Azərbaycan reallığı və qanunvericiliyi ilə məntiqi və strateji uyğunluq şəraitində həyata keçirilə bilər.

 

Əlövsət Qaraca Əliyev,

“Texnoloji İnkişaf Akademiyası”

Elm-Təhsil-İqtisadiyyat İctimai Mərkəzinin rəhbəri,

professor