Vasif   Süleyman - BU ÇİÇƏK KARIXIB ÖMRÜN ƏLİNDƏ

Ədəbiyyat 10:29 / 04.03.2026 Baxış sayı: 155

 

Zülümmü əlini üstünə çəkmiş,

Bu nə dərd yüküdü… Gözlərin aydın.

Tanrı bu çiçəyə ömür verməmiş,

Əvvəl taleyini düzüb qoşaydın.

 

Qorxur ki, yerisə, yer çökə birdən,

Bu yandan göylər də uça üstünə.

Tərpədə bilməyir ömrü yerindən,

Açılan qollar yox, qaça üstünə.

 

Görən, tezmi düşər güzarın bəri,

Bir gör neyniyirsən… Bir düşün, Allah!

Tez götür üstündən bəd nəzərləri,

Əlinə keçməsin qurd-quşun, Allah!

Yandırır dağları, daşları ahı,

Yarəb, bundan betər pərişanmı var…

Bizə sən yazırsan bəxti, İlahi,

Sənin də işinə qarışanmı var…

Bir gör, neyniyirsən, sıxılır hava,

Sənin ki, fərmanın, əmrin əlində.

Getməyə yeri yox, qalmağa yuva,

Bu çiçək karıxıb ömrün əlində.