Sona Vəliyeva - QURUYAN AĞAC
O ağacı
nə ağacdələn oydu,
bitirdi,
nə torpağı şoran oldu,
nə də kökü
daşa toxundu.
O ağacın bəxti yatdı,
sonra bağban
unutdu,
sonra sahibsiz görüb
“zəhmətkeş” qarışqalar,
həşəratlar
canına daraşdılar.
Hər şeyini daşıdılar,
qabığı qalana kimi
qurutdular içini,
düşüncələrini...
Son nəfəsini yaşayan bu ağac
dualara möhtac.
Ehey, insanlar,
yığışın gəlin,
bu ağacı dövrələyin.
Tanrıya səsimiz,
diləyimiz yetincə,
təzədən göyərər, bəlkə,
pöhrə-pöhrə,
kölgə-kölgə
bar-bəhrəli ömür kimi.
Tanrıdan dualarımız
yağışlı cavabla geri dönüncə,
Hamımızın qəlbində
Ümid, sevgi göyərincə
O ağac da göyərəcək,
mütləq göyərəcək!