Şakir Xanhüseyn - DÖRD ŞEİR rubrikamda
***
səslənirəm, sükutun özüyəm,
yerüzündə
göyüzündən qalma
bir parça buludun özüyəm...
bir budaqda bir yarpağa-
sanki yavaş-yavaş solan üzümə baxıb
dolan gözümü sıxıram ayaqlarım islanır,
ürəyimdə ümidlərim paslanır...
irəli uzanmış
dilənçi əlinə bir salam qoyub
gülümsəyən heç kimi görmədim...
çoxunun əynində artıq
yoxsuzluq(bəlkə yoxsulluq? ) bütün çılpaqlığıyla nəzərə çarpır,
zülmətlər bütün aydınlığıyla...
əksəriyyət yoxun üzü qara olsun deyib
keçir, sadəcə, üzünün ağıyla...
***
Namərdə dil versən bir söz söyləyib,
dilinin üstündə od qalayacaq.
Əgər ocağına od verər olsan,
əlinin üstündə od qalayacaq;
Bir yaxşılıq elə və dayan gendə,
belə keçib getmiş dünənki gün də...
Özünü azca boş göstərdiyində
dolunun üstündə od qalayacaq,
O ki ad çıxarıb xəbislik ilə,
nə salamla işi, nə əleyk ilə;
Əl çəkməz bir dəfə yandırmaq ilə,
külünün üstündə od qalayacaq...
***
evli evsizliyini düşünür,
onu gah isti tər basır,
gah üşüm-üşüm üşüyür...
suya həsrət suçu
gözlərindən arx çəkib həyətindəki
bir-iki ağacın dibinə...
ocaqçı əsir soyuqdan,
qaladığı odun istisindən yararlanmaq
haram buyrulub ona.
özünü dəyişə bilməz,
damğa vurulub alnına...
balın dadı acıdımı, şirindimi bilmir
arıçı;
könlü şan-şandı...
dərzi, ömrünü qayçılayır
əyin-baş biçə-biçə ona-buna;
bu faciəxanaya
kim belə ad qoyub:
komedixana?!.
***
harda olur-olsun varam sevgiyə!
dedin mən dinlədim,
deyim sən dinlə:
yayılır ətrafa gözlərindən nur,
üzündə sayrışır işıq
eşqinlə!
hər qəlbdə, ürəkdə
var küskünlük də,
mən də var deyirəm, bəs sən?..
gözündən
minillik bir kədər boylanır bəzən...
harda olur-olsun varam sevgiyə
deyirsən,
ruhundan qopan sədadı...
bir əlin isti, qaynar,
bir əlin buz kimi soyuq sudadı;
bu nə ikilikdi?
mən bilmirəm ki;
var isə de mənə, sənin bildiyin...
gah çökür bir gecə gündüzün üstə,
birdən suya dönür gah da ürəyin...
bir səs eşitməyə aç qulağını,
bəlkə bir xoş sözə ac qulağını...
mən səni, sən məni-
sakitcə dinləyək bir-birimizi,
daha bağıraraq, qışqıraraq yox...
altında gül bitsin ayağımızın,
daha tikan, pıtraq yox...