Faiq Balabəyli - Qağayıların üzü küləyə uçmaqdan
Qağayıların üzü küləyə uçmaqdan
sinəsində tük qalmayıb,
qanadında lələk.
Hərdən də ağ köpükləri balıq bilib
suya şığıyır...
Dalğalar həddi buluğa çatmış qız
uşağıdı
Ayrılmaq istəyir dənizdən,
gedir-gedir qayıdır.
Sahildən, sahildəkilərdən qorxur.
Hərdən
hirsini avarlı qayıqlardan çıxır
Çırpılır onlara...
Eh, yosunlara nə var ki,
təmiz dəniz suyunda
yuyunub ətirləniblər.
Sahil boyu şeir misrası tək sətirləniblər.