İbrahim Yusifoğlu - Çətin olacaqdı bu payız sənə
Çətin olacaqdı bu payız sənə
Daha sısqa-sısqa yağışlar yağır,
Yağışa qarışan qarğışlar yağır,
Qarğışa qarğıyan şimşəklər çaxır,
Yolların bürünür dumana, çənə -
Çətin olacaqdı bu payız sənə.
Sevdiyin çiçəklər, güllər solacaq,
Pəncərən önündə tüllər solacaq,
Hər solan gününə gözün dolacaq,
Saçların bələnir qırova, dənə -
Çətin olacaqdı bu payız sənə.
Heyin qalmayıbdı çağlamağına,
Ürəkdən hönkürüb ağlamağına,
Sonuncu düyməni bağlamağına,
Taqətin yenibdi yarıya-tənə -
Çətin olacaqdı bu payız sənə.
Bu payız gününü görəydin gərək,
Sevginə bir qəsir hörəydin gərək,
Dizinə-başına döyəydin gərək,
İndi köks ötürmə keçib-gedənə -
Çətin olacaqdı bu payız sənə.
Payız Dədə Qorqud libası geyib,
Hər ömrün payını, adını verib,
Sənəsə nə ana, nə nənə deyib,
Tənhalıq çökübdü solmuş çöhrənə -
Çətin olacaqdı bu payız sənə.
10.12.2019