Ədalət Salman - QƏDİMİ KİŞİLƏR, KÖHNƏ KİŞİLƏR
Hər əsən küləkdən dönməzdi halı,
Öyüdlə kəsərdi hər qeylü-qalı.
Buxara papaqlı, əli əsalı
Qədimi kişilər, köhnə kişilər.
Hamı üz tutduğu evi pir idi,
Hakim tək qərarı, sözü bir idi,
Elin söykəndiyi dağın biriydi
Qədimi kişilər, köhnə kişilər.
Məclisdə sözünün yerin bilərdi,
Gələn bəlanı da ellə bölərdi.
Kişi tək yaşardı, mərd tək ölərdi
Qədimi kişilər, köhnə kişilər.
Məmur qapısında boyun əyməzdi,
Heç vaxt qürrələnib özün öyməzdi,
Zalım qarşısında gözün döyməzdi
Qədimi kişilər, köhnə kişilər.
Kim giley edərdi, kim ağlayardı,
Başının üstünü tez haxlayardı.
Bircə kəlməsilə qan bağlayardı
Qədimi kişilər, köhnə kişilər.
Mərdi qova-qova namərd etməzdi,
Şeytan fitvasına uyub getməzdi.
Hər vaxt alnı açıq, üzü ağ gəzdi
Qədimi kişilər, köhnə kişilər.
El-oba hamısı doğma kəsiydi,
Haqqın keşikçisi, haqqın səsiydi.
Halallıq, kişilik nişanəsiydi
Qədimi kişilər, köhnə kişilər.
Aldada bilmədi dünyanın malı,
Yerişi ləngərli, özü həyalı,
Əli dəstəmazlı, dili dualı
Qədimi kişilər, köhnə kişilər...
...Ellə ağlamadıq, ellə gülmədik,
Son tikəmizi də ellə bölmədik.
Heyif, sizin kimi ola bilmədik,
Qədimi kişilər, köhnə kişilər.