Rəfail Tağızadə - Bir qərib səfil kimiyəm

Ədəbiyyat 09:25 / 10.12.2025 Baxış sayı: 193

 

Şikəst xatirələr sıxır könlümü,

qəribə sığallar dəyir üzümə,

kimsə barmağıyla gəzir sinəmdə,

kiminsə yuxusu dolur gözümə.

 

Sağını, solunu tanımadığım

bu gecə qaranlıq betərdən-betər,

bu yolsuz, cığırsız sərxoş gecənin

içində dipdiri ayıqlar itər.

 

Üzündə gecənin bəd bəhanəsi

gündüzün sehrini qovur küləklər,

yuxulu bir qərib səfil kimiyəm

bu gecə çiynimdən uçur mələklər.