Şahnaz Şahin -  Prokrastinasiya

YAZARLAR 12:48 / 13.03.2026 Baxış sayı: 197

 

Esse

 Nədənsə hər gün sabaha bir az daha artıq ümid bəsləyir adam, sabah hər şeyin daha yaxşı, daha xoş olacağına inam işıq kimi dolur ürəyinə. Bəlkə ona görə ümid  sonda ölür deyirlər... Bəzən bu elə onun psixoloji durumundan qaynaqlanır, günü lap tələm-tələsik başa vurub sabaha addım atmaq istəyir. Gözləmədiyi halda başına gələn kədərli  bir hadisənin təsirindən qaçış istəyi, düşdüyü hər hansı burulğandan xilas yolunu zamanı adlamaqda axtarır. Təəssüf ki, özünü ovutmaq hisslərinin qarışıq  dalğası onu sakitləşdirmir, əksinə əzab verir. Bəzən lap dünənə qayıtmaq da keçir könlündən, axı dünən o, daha bəxtəvər idi... Amma özündən uzaqlaşmaq üçün nə əlini uzatdığı  dünən, nə də sabah ona istədiyi cavabı vermir, əlləri havadan asılı qalır...

   Onlar ömürlərinin əlli ilindən çoxunu bir dam altında, yaxşı və yaman günlərini bir-birinə ən yaxın dost-həmdəm kimi yaşamışdılar. Qərbi Azərbaycandan 1948-50-ci illərdə məcburi köçürülmə siyasətinin qurbanlarından idilər. Doğma yurd yerlərini, hazır ev-eşiklərini qoyub, gəlib aranda yenidən torpağa çubuq sancmışdılar. İllər boyu qarışqa kimi zəhmətlə çalışıb yenidən yurd-yuva qurmuşdular, səkkiz övlada qol-qanad verib bu yuvadan uçurmuşdular. Oğul toyu edib gəlin də gətirmiş, qız da köçürmüşdülər., nəvə-nəticədən də payları vardı. Kənd məktəbinin riyaziyyat müəllimi, həm də uzun illər direktoru işləmiş Əli müəllim əsil el ağsaqqalı, həyat yoldaşı Leyli ana da əsil el ağbirçəyi kimi camaatın hörmətini qazanmışdı, dar ayaqda çoxunun məsləhət yeri idilər. Onlar artıq ömrün ahıl çağının rahatlığını yaşayır, yenə bir-birinin qayğısına qalırdılar. Ta ki, hər qapıya düşən açar-əcəl gəlib evin kişisini aparana qədər. O gün əli qoynunda qalan qadının ərinin cənazəsi başında gözlərini naməlum bir nöqtəyə dikib, içdən gələn ağrıyla söylədikləri hələ də qulaqlarımdan getmir...

 Həyatın əbədi olmadığını, ömür payının bir gün bitəcəyini adı kimi əzbər bilən, indiyədək neçə yaxın və doğma kəsini o dünyaya yola salan bu müdrik qadın daxili sarsıntısını həmin anda məhz belə ifadə etmişdi, “İlahi, bu niyə mənim başıma gəldi!?...” Bu şikayət deyildi, yaradana üsyan da deyildi, bu, bir tərəfini itirmiş insanın şok edəcək ağrısı idi ki, içindən kainata  məhz bu formada atılmışdı...

  Uinston  Çörçüll deyirdi ki, dünənlə bu gün arasında dava düşsə, itirən sabah olacaq. Anam da zamanla,vaxtla bağlı o qədər nümunələr gətirirdi, deyərdin dünyanın ən böyük filosofudur.

  Qonşumuzun gəlini son vaxtlar yaman kökəlib, keçmiş vaxtlar olsaydı deyərdilər ki, maşallah ətə-qana gəlmisən. İndi artıq çəkinin bir sıra xəstəliklərə yol açdığını az qala hamı bilir, o üzdən əksəriyyət normal çəkilərini saxlamağa çalışır. Amma bu heç də uzaqdan göründüyü qədər asan məsələ deyil. Gərək nə yediyindən tutmuş, necə, nə vaxt yediyinə qədər nəzarətdə saxlaya biləsən, həzm sistemi qüsursuz işləyə, endokrin sistemi tarazlığı saxlaya, sinir sistemini həddindən artıq yükləməyəsən, stress və əsəbilikdən uzaq olasan və s...

   Bu sadaladıqlarımın arasında ən çətini məncə stresdən uzaq və əsəblərinə hakim olmağı bacarmaqdı. Hazırkı dövr, zaman tam əksini diktə edir axı, dünya ovcumuzun içindədi, gərəkli gərəksiz xəbərlər özü gəlib döyür qapımızı, özünə aid olmayan nə qədər “yük”ün altına giririk. Fiziki yük olsa kimsə daşıya bilməz, tezcə kürəyindən atardı yerə, amma ürəyindən ata bilmir, nəticəsi də hipertoniya, infarkt, insult, və s...

    Hə, qonşumuzdan danışırdım axı, ehtiyatla kökəlməsinin niyəsini soruşanda səbəb kimi işdə və ailədə psixoloji gərginliyin olduğunu söylədi. Deyir, əsəbiləşəndə iştahım artır, yeməkdən əl çəkə bilmirəm, stresi belə atladıram, amma sonra nəticəni görəndə ikinci travmanı alıram, özümə acığım tutur. Bilmirəm necə arıqlayım, dieta saxlamaq istəyirəm, amma iradəm yetmir, hər dəfə sabah başlayaram deyə vaxtı uzadıram... Bax bu hal müasir psixologiyada Prokrastinasiya adlanır. İnsan sadə işləri önə çəkir, amma çətin hesab etdiyi, beyninə dinclik verməyən və ağlında gücü yetməyəcəyi səviyyəyə qədər böyütdüyü əsas işi ertələyir...

  Orqanizm stress halında olanda avtomatik özünü müdafiəyə keçir. Bu zaman böyrəküstü vəzilərin kortizol ifrazı ya artır ya da azalır və hər ikisi də xarakterik narahatlıqlar yaradır. Bu hormonun səviyyəsinin qanda uzun müddət yüksək qalması orqanizmə mənfi təsir göstərir, görünən əlamətlərdən biri də iştahın artmasıdır...

     Indi müasir tibbdə bir çox xəstəliklərin müalicə üsulları da müasirləşib, hətta bəzi hallarda “asanlaşıb” deyərdim. Əlbəttə, əlacsız hesab olunan dərdlərin dərmanı tapılıbsa, ümidi kəsilmiş xəstəni həyata bağlayan vasitə kəşf olunubsa sevinməyə dəyər. Amma indiki halda hər şeydə bir əndazənin olduğu unudulmamalı, normalar gözlənilməlidir. Yoxsa qaş düzəltdiyin yerdə vurub gözü də çıxardarsan. Axı hər bir yenilik köhnə yeninin üzərində inşa edilir!..

    Yəqin xanıma məsləhət verib vermədiyimlə də maraqlanırsınız, ona, ilk adddım olaraq qəbul etdiyi qidalar, onların miqdarı və qəbul vaxtı ilə bağlı özünə müəyyən bir sədd qoymasını təklif etdim. Həm də məsləhət gğrdüm ki, elə bu gündən başlasın, sabaha saxlamasın, ən əsası özünə inansın, iradəsini səfərbər edib başlasın. Mövlananın təbirincə desəm, ümid həmişə var, zaman qısa, sən yorğun, yol isə uzun olsa da...