Sabir Zəkullaoğlu - Taleyimiz və tıxacda qalan arzular...

YAZARLAR 09:20 / 13.03.2026 Baxış sayı: 212

 

 

​İnsan istəməsə, heç nəyə nail ola bilməz. Və insana heç kim istəmədən gətirib nəyisə hədiyyə edən deyil. İlk baxışdan bu fikirlər hamıya sadə gələ bilər. Ancaq bu belə deyil: gəlib bu yaşa çatmışam, heç bir dəfə də olsun düşünməmişəm ki, ölkədə bu qədər rayon var, sən niyə bu rayonlardan birinin icra başçısı olmamısan?!

​Bilirəm. Bəlkə də çoxunuz bu yazını oxuyanda güləcəksiniz...

Haqlısınız. Çünki bizi belə böyüdüblər. Fərqli düşünən, böyük iddiaları olan adamlara gülüb, məzəmmət etmişik. Bu tək bizdə deyil, rəhmətlik Eynşteyni də ilk əvvəl hamı lağa qoyurmuş. Hərçənd ki, vəzifə mənsubu olmaq Eynşteynlə müqayisədə zərrə olmaq deməkdir. Sadəcə onu qeyd etmək istəyirəm ki, bizim arzularımız çox vaxt gözümüzdə qalıb, rüşeymdə qocalıb.

​Bu məsələdə heç də valideynlərimizi günahlandırmaq fikrində deyiləm. Hərçənd ki, bu olayda onların da payı az deyil.

Biz böyük ölçüdə həm də bu amansız tarixin elementləriyik. Tarix boyu bu coğrafiyada gedən reaksiyaların əsas elementləri ruslar və ərəblər olmuşdur. Onlar coğrafi-kimyəvi reaksiyanı qurandan sonra özləri katalizator rolunu oynayıb, reaksiyanın nəticəsini gözləyirlər. Həmişə də istədikləri nəticəni ala biliblər. Nəticə göz önündədir. Rusiyanın işğalı coğrafi olsa da, ərəb işğalı zehnidir. Ərəblər beynimizi sulfat turşusuyla yuyublar. Bizə yer qoymayıblar. Bizə qalan alça turşusudur.

​Təbii ki, mən də bir fərd olaraq bu reaksiyalardan bir zərrəciyəm. Ən yaxşı halda nüvənin başına fırlanan elektronam. Sadəcə bəxtim gətirib ki, mənfi yox, müsbət yüklü zərrəciyəm.

Tarix boyu bizi ərəb və rus daha çox nəzarətə götürüb, müşayiət edib və yönəldib, nəinki Allah.

Belə olan halda mən də heç vaxt böyük arzularda ola bilməzdim. Böyük arzularda olmaq üçün böyük mühit lazımdır. Mən məmur oğlu deyildim ki, böyüyüb məmur olum.

​Bu məqamda ortaya belə bir sual çıxır: "oğrunun" heç mi günahı yoxdur?

Var, əlbəttə. Təqsir həm də mənim özümdədir. Zatən hər hansı bir məsələdə konkret qərar vermək doğru deyil. Bütün məsələlər kompleks yanaşma tələb edir. Bəli, mən başqa şeylər istədim: İnanın ki, istədiklərimə də nail oldum.

​Ancaq insan özü olmaqdan daha çox sosial varlıqdır. Bəzən ətrafımızda elə problemlər yaranır ki, adam nəinki özünü, arzularını da unudur. Məsələn, götürək elə şəhərimizdəki tıxacları. Olurdu ki, iş-güc dalınca getdiyim vaxt elə tıxaclarla rastlaşırdım ki, deyirdim: "Allah, bircə bu tıxac olmasın, heç nə istəmirəm". Özü də Allaha bərk inanan vaxtlarım idi. Eşitmişdim ki, o bütün dərdlərin dərmanıdır. Düşünürdüm ki, onun əlində bir tıxac nə olan şeydir ki...

Ta bilmirdim ki, tıxacın o başında hansısa icra başçısı yolun ortasını hansısa tacirə — tacir demişkən, Şahmalıoğlunu demirəm, o "kraldır", "şahdır" — tacir deyərkən, yəni biznesmenə verib ki, orada bir "Mall" tiksin. Məsələn, "Binəqədi Mall". O tacir də yolu bağlayıb, özünə obyekt tikir. Mən də qalmışam tıxacın obyektində.

​İndi fikirləşirəm ki, bir vaxtlar nə qədər sadəlövh, avam vaxtlarım olub.

Həyatda ömrünü-gününü xərcləməklə əldə etdiyin tək bir əvəz — təcrübədir. O təcrübə ki, yaşadıqların, gördüklərin sayəsində bir qənaətə gəlmiş olursan. Bütün bunlar yaşanmadan olmur. Heç kitab oxumaq, mütaliə etmək də müşahidə və yaşantılar qədər effektli olmur. Nələrisə başa düşdüyünü anlayanda da artıq gec olur. Olursan icra başçısı yox, qəssab...

​Həyat bizə hər şeyi öyrədir, amma təəssüf ki, bəzi dərslərin imtahanı biz o dərsi öyrənməmişdən çox əvvəl baş tutur.