Məmməd Qədir -  Sən necə

 

Ədəbiyyat 11:14 / 16.01.2026 Baxış sayı: 2125

 

Sənsizliyin şərabı nə tünd imiş,

Ürəyimə qəm süzürəm, sən necə?

Ha çəkirəm ayrılığın üzülmür,

Asta-asta can üzürəm, sən necə?

 

Abad idi bu sevginin koması,

Viran qoydu ayrılığın bombası,

İtirmişəm ümid adlı kompası,

Arsız-arsız çöl gəzirəm, sən necə?

 

Dizlərimə döyə-döyə ölmürəm,

Ahu-naləm çatır göyə, ölmürəm,

Ruhum uçub, Allah niyə ölmürəm,

Canım daşmı mən dözürəm, sən necə?

 

Baxışlarım yollarında qocalmış,

Arzuların beli sınıb qıc olmuş,

Sevən ürək fələkdənmi güc almış,

Nə yorulur, nə bezirəm, sən necə?

 

Məmməd, əzab ayrılığın al qanı,

Bircə gilə ümid imiş dərmanı,

Bu məhəbbət İlahinin fərmanı,

Mən əmrinə müntəzirəm, sən necə?