İslam Türkay : - NOLA , DÖNÜB UŞAQ OLAM BİRCƏ GÜN

Nola , dönüb uşaq olam bircə gün,
O çağlarım bir də dönə, gələ, offf..
Dizin-dizin iməkləyəm,yıxılam,
Anam yenə göz yaşımı silə, offf...
Quzuları sübh-obaşdan haylayam,
Kərəntiylə çəmən boyu laylayam.
Ulaqları alıqlayam, taylayam,
Üst-başımdan yovşan ətri gələ, offf...
Harda qaldı o insafsız, çağlaya,
Yenə gəlib gözlərimi bağlaya.
Hörüyünə əl vuranda ağlaya,
Sonra qaçıb gülümsünə, gülə, offf...
Mən gecikdim,o, yamanca tələsdi,
Köçüb getdi , ürəyimdə tel əsdi.
İstəyimə belə qara yel əsdi,
Urcah oldum bir zəhrimar dilə , offf...
Çox öyündüm qəlbimdəki dözümnən,
Ağ bayraqtək yaş ələndi gözümdən.
Böyüdükcə aralandım özümdən
Axır düşdüm bu dəlisov selə, offf...
Bu həyatdı--hər addımı yarışdı,
Arzularım taleyimlə barışdı.
Yaşamağa başım elə qarışdı,
Ömrü-günü yaman verdim yelə, offf...İ