İbrahim Yusifoğlu - ŞABRANDA PAYIZ

Ədəbiyyat 10:22 / 16.09.2025 Baxış sayı: 1891

 

 

Şabran məni həmişə yağışla qarşılayır. Bu il də beləcə...

DAĞLARİN ZİRVƏSİ QARA ÇALMALI,

Təpələr gizlənib çəndə, dumanda.

Yaman at oynadır Şabranda payız,

Günəş doğmasına

yoxdur güman da.

 

Qəribə fəsildi Şabranda payız,

Heç bir titrəyiş yox,

külək də əsmir.

Sakitcə ələnir başı aşağı,

Gecəli, gündüzlü yağışı kəsmir.

 

Bir anda sükutun yarılır bağrı,

Elə bil hayqırır dəlisov ayı.

Qatıb qabağına önə çıxarır,

Vahimə yaradır qorxunc dağ çayı.

Budaqda yuyulan cır almaların,

Heyləri qalmayır, bir-bir düşürlər,

Yarpağa sığınan yemişənlərin,

Rəngləri qaralır, çox üşüyürlər.

Dovşanlar çıxırlar yuvalarından,

Qorxmadan qaçırlar şehli örüşdə.

Arılar sarılır nəmli güllərə,

Yaman kövrəlirlər bu son ğörüşdə.

 

Yağış damlaları həsrətlilər tək,

Öpür çiçəklərin yanaqlarından.

Şabranın ecazkar gözəlliyinə,

Xoş söz söylənilir qonaqlarından.

 

Bu yerin havası dərmandı, həbdi,

Udduqca çağlayır damarında qan.

Burada ürək də ilhama gəlir,

Gözəldən gözəldi payızda Şabran.

 

Şabran,Pirəlidəl kəndi.

.. 25.10.2024.