Elşən Əzim : - ALLAH, BU DÜNYAYA ŞAİR GÖNDƏRMƏ

Bu gün şairlər günüdür. Şairləri təbrik edirəm.
ELƏ XOŞUN GƏLİR YANINDA SAXLA
ALLAH, BU DÜNYAYA ŞAİR GÖNDƏRMƏ
Bir bəndə gözündə görmürsən axı,
Dağılan könlünü hörmürsən axı.
O bəxt dediyini vermirsən axı,
Allah, bu dünyaya şair göndərmə.
Dərdi bolhaboldu, çarəsi yoxdu,
Dərmanı tapılan yarası yoxdu.
Dünyanın şairlə arası yoxdu,
Allah, bu dünyaya şair göndərmə.
O əli qabarlı fağırı göndər,
O pulu özündən ağırı göndər.
Ya nadürüst göndər, ya oğru göndər,
Allah, bu dünyaya şair göndərmə.
İnamlar, imanlar qırılır indi,
Şairə dəlilər vurulur indi.
Gözəllər şöhrətə sarılır indi
Allah, bu dünyaya şair göndərmə.
Nadana əyilir ehtiyacından,
əyri bir yol tapır, ölmür acından.
Ta sayıb asmırlar dar ağacından
Allah, bu dünyaya şair göndərmə.
İlan quyruğu var, ümid ucu yox,
Bir söz təşnəsi yox, şeir acı yox.
Dünyanın duyğuya ehtiyacı yox,
Allah, bu dünyaya şair göndərmə.
Hələ vaxtı deyil, qınında saxla,
Bəlkə lazım oldu sonunda, saxla.
Elə xoşun gəlir yanında saxla-
Allah, bu dünyaya şair göndərmə.