İlqar İsmayılzadə , Fəlsəfə üzrə fəlsəfə doktoru,AYB  və AJB-nin üzvü: - AZƏR MİRZƏNİN POEZİYA DÜNYASINA BİR BAXIŞ...

YAZARLAR 12:25 / 13.07.2025 Baxış sayı: 4530

 

("Yenisəs.az" portalı üçün)

 

Azərbaycan ədəbi mühitinin poeziya paytaxtı və eləcə də şairlər diyarı sayılan doğma Cəlilabadın, xüsusilə də Cəlilabad ədəbi mühitinin istedadlı şairlərindən biri də Azər Mirzədir.


Qısa təqdimat:

Azər Mirzə (Mirzəyev Azər) Fərmayıl oğlu: 1977-ci ilin mart ayının 17-də Cəlilabad rayonunun Şorbaçı kəndində bir zəhmətkeş ailədə dünyaya göz açmışdır. 1984-cü ildə doğulduğu kənddə orta məktəbə daxil olmuş, 1994-cü ildə isə orta təhsilini bitirərək məzun olmuşdur.

Hələ yeniyetmə yaşlarından etibarən şeir vurğunu olmuş, əlinə qələm alaraq müxtəlif şeirlər yazmışdır. İndiyədək onun şeirləri müxtəlif qəzet, jurnal və internet portallarında işıq üzü görmüşdür. Buna misal olaraq şeirlərinin müxtəlif illərdə dərc edildiyi "Sözün işığı" və "Yurd" ədəbi-bədii, elmi-publisistik jurnallarını, həmçinin, Lənkəranda nəşr edilən, eyni halda Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin rəsmi orqanı olan "Şəfəq" jurnalını qeyd etmək olar. Bundan əlavə, şeirlərinin yayımlandığı "Mustaqil.az", "Zərif kölgələr" və s. internet portallarını da göstərmək mümkündür.

İndiyədək onun haqqında bir neçə təqdimat yazısı, xüsusilə də 06.01.2022 tarixində "Həməşəra" mətbu orqanının rəsmi Facebook səhifəsində "Cəlilabadın tanınmış gənc şairləri..." rublikasında təqdimatı keçirilmişdir.

Doğma elimizin təvazökar, sadə, vətənpərvər və istedadlı gənc şairlərindən olan Azər Mirzəyev poeziya sahəsində "Azər Mirzə" təxəllüsü ilə çıxış edir. Ailəlidir və 4 övladı var.

Qələm və poeziyadan söz düşmüşkən, həmişə və hər fürsətdə qeyd etdiyim kimi, əslində bir şairin və ümumiyyətlə, yazıçı və qələm əhlinin gözəlliyi və imtiyazı onun yazıçılıq və bədii yaradıcılıq bacarığı ilə yanaşı həyatda ləyaqətli insan olması, düşüncəsi, davranışı və danışıqlarında büsbütün etika, mədəniyyət və ülvi hissləri tərənnüm etdirməyi bacarmasından ibarətdir. Mənəm-mənəmlik, təkəbbür, söz gəzdirmək, ara vurmaq, nanəciblik və fitnəkarlıq etmək, qələmin müqəddəsliyini ayaq altına atıb ondan ayrı-ayrı nalayiq sahələrdə sui-istifadə etmək, haqqı ört-basdır edib haqsızlıq qarşısında susmaq, şəxsiyyətpərəstlik, həyatda doğru-dürüst və aydın (bəlli) mövqeə malik olmamaq, maddiyyat bataqlığına düşüb hər şeyi pul və maddiyyat çərçivəsində görmək və digər bu kimi iyrənc xislətlər bu sahədə yürüyənlər üçün ən böyük qəbahət və xoşagəlməz təhlükələrdir...


Poeziya nümunələri:

Azər Mirzənin poeziya dünyası zəngin, maraqlı və çoxşaxəlidir. Onun müxtəlif mövularda qələmə aldığı bir-birindən gözəl, yetərli və mənalı şeirləri ilə yaxından tanış olanlar bu fikiri təsdiq edə bilərlər. Burada onun poeziya nümunələrindən biri neçəsi ilə tanış oluruq:


GƏLƏRSƏN

Quş olasan bu dünyadan uçasan,
Qanadların qırılanda gələsən.
İzləyəsən "Ölüləri" sonacan,
Durub hamı "diriləndə"gələsən.

Gələsən ki, sevdalanıb baxışlar,
Daha yoxdu hər addımda yoxuşlar.
Yuyub-silib günahları yağışlar,
Dünya tamam durulanda gələsən.

Dünya ki var, cəhənnəmin oxşarı,
Gah xeyiri əzizləyər, gah şəri.
Gözləyəsən Tanrı qura məhşəri,
Şərin boynu vurulanda gələsən.

Harda qaldı haqqın gələn elçisi?
Yol yordumu,yarı yolda yolçusun.
Get.!
Dünyanın tərəzisi-ölçüsü,
Haqq üstündə qurulanda, gələrsən.!

BAŞIMDAKI BU SEVDA

Gözlərindən od yağır,
Ürəyimdə bürküdü.
Adın düşmür dilimdən,
Gör nə gözəl türküdü.

Xəbərin var, xəbərdən?
Gəldəə, gəl bir bax hərdən.
Sənli xatirələrdən,
Açmışam bax, sərgidi.

Sevgidi bu, ya sövdə?
Ya heç sevmə, ya sev də.
Başımdakı bu sevda,
Sevda deyil, sərkidi.

"Adamı qoymurlar adam olmağa..." (Sakit İlkin).

MƏNİ QOYMADILAR

Sənin ən sevimli bəndən olardım,
Ən yaxşı işimlə gündəm olardım,
Bütün dinlərinin dili tövbəli...
Mən gəlib tövbəsiz dindən olardım,
Məni qoymadılar bəndə olmağa.

Yerdə itirdilər-göydən tapdılar,
Yeri qan tökməyə meydan tapdılar.
Məndən cin tapdılar, şeytan tapdılar,
Məni qoymadılar bəndə olmağa.

Mən ki, heç qorxmurdum, qocalmağımdan,
Səfil olmağımdan, ac olmağımdan.
Məni ayırdılar səndən ilahi,
Məni saxladılar ucalmağımdan,
Məni qoymadılar bəndə olmağa.

Məni öz ruhuna tən eləmişdin,
Dünyaya səpdiyin dən eləmişdin.
Bir heçdən böyüdüb MƏN eləmişdin,
Məni qoymadılar bəndə olmağa.

Üzümə gülmüşdü bəxt onda mənim,
Yaratdın ən gözəl vaxtında məni.
Bəlkə oturdardın taxtında məni,
Məni qoymadılar bəndə olmağa.

BAŞ QARIŞDI

Niyə bu yol bitmir axı görəsən,
Beş qarışdı-beş qarışdı ilahi.
Uduzmaqdı bu oyunun sonuda,
Boş yarışdı-boş yarışdı ilahi.

Azad ruhum yaşadımı, hürr ömür?
Susub necə kölələşdi kür ömür?
Şeytanına savaş açdım bir ömür,
Boş vuruşdum-boş vuruşdum ilahi.

Bilməm nəydi şiti çıxdı -şaddığın,
Adamlığın yaman düşdü, qıtdığı.
Nə sirrdisə şeytanına atdığım,
Daş barışdı-daş barışdı ilahi.

Ac ruhuma ümüd göndər bir ovuc,
Həmən Adəm, həmən buğda, həmən suç...
Təmtəraqlı tamaşanın sonu puç,
Baş qarışdı-baş qarışdı, ilahi.!

 

Məlumat üçün qeyd etmək lazımdır ki, şair Azər Mirzənin qələmə aldığı şeirlərdən ibarət ilk məcmuənin yaxın zamanlarda nəşr edilməsi, şeir və poeziya həvəskarlarına təqdim olunacağı gözlənilir.

Sonda Ulu Tanrıdan doğma yurdumuzun istedadlı şairi Azər Mirzəyə uzun, sağlam və mənalı ömür, məsud həyat, ailə xoşbəxtliyi və yeni-yeni yaradıcılıq uğurları diləyirəm!

 

10.07.2025