Ayaz Arabaçı : - Əlimdə bir şəkil var...
ürəyimi oynadır,
hər baxanda yerindən,
qoparmışam-üzmüşəm,
xatirə dəftərindən.
gözlərindən öpürəm,
köks ötürüb dərindən,
əlimdə bir şəkil var..
məni isti yuvamdan
min dəfə perikdirib..
könlümü sağdan-sola,
soldan-sağa əkdirib..
o bu şəkli bir zaman
mənə görə çəkdirib,
əlimdə bir şəkil var.
baxıram,baxa-baxa,
əriyirəm-axıram.
ən gözəl çiçəkləri
saçlarına taxıram.
nəfəsim çatmayanda,
o şəkilə baxıram.
əlimdə bir şəkil var.
yaxşı ki,heç olmasa,
ondan bu şəkil qalıb.
sanmasın ki, küləklər,
onu əlimdən alıb,
bu şəkil neçə dəfə,
məni ölümdən alıb,
əlimdə bir şəkil var.
uçuram xəyalıyla,
göyün yeddi qatında.
xilas yelkəni olur,
göz yaşında batanda.
yastığımın altına,
gizləyirəm yatanda,
əlimdə bir şəkil var...