Zəlimxan Yaqub -Ey əsli olmayan kəs! Duya bilməzəsən məni..
Ey əsli olmayan kəs! Duya bilməzəsən məni,
Soyda, kökdə, özüldə, əsildəyəm, zatdayam.
Məndə məni görməyə səndə bir mənlik gərək,
Oğulsan çıx yanıma, gör mən hansı qatdayam.
Keçmişdə köküm yaşar, gələcəkdə budağım,
Hər ötən saniyədə, hər gələn saatdayam.
Məni insan yaradan Allahıma min şükür,
Qurana, İncilə bax, Zəburda, Tövratdayam.
Sürünənlə uçanın yer-göy qədər fərqi var,
Məni ayaqda gəzmə, mən qolda, qanaddayam
Adəmdən, Nuhdan bəri yolçusuyam yolların,
Şər özünü yormasın, Haqqa çathaçatdayam.
Səhraların qumuyam, dəryaların damlası,
Yer də mənəm, göy də mən - sonsuz kainatdayam!
Gün kimi doğulanlar qarışır şəfəqlərə,
Rəngimi solğun görüb sanma batabatdayam.
Canım qara torpağın, nəfəsim göylərindir,
Qəbirdə yatsam belə həmişə həyatdayam...