Zakir Bayramlı,şair-pubilisist, AYB və AJ B-nin üzvü :-Ailənin, cəmiyyətin və dövlətin ortaq problemi

YAZARLAR 10:43 / 17.04.2024 Baxış sayı: 939

 

Dünyada  miyonlarla ailənin birliyini və möhkəmliyini  sarsıdan, cəmiyyət və dövlət üçün böyük bəlaya, ağır yükə, çətin həllini tapan problemə çevrilən zorakılıq həmişə insanları maraqlandıran aktual mövzulardan olub. Zorakılıq sözünün mənası haqqında oxuculara əvvəlki söhbətlərimizdə  qısa da olsa məlumat vermişik.  Məişət  zoraklığı yaxın qohumluq münasibətlərindən, eləcə də birgə yaşamaqlarından sui- istifadə etməklə  ailənin bir üzvünün digər üzvünə və ya üzvlərinə qəsdən  fiziki və ya mənəvi cəhətdən zərər vurmasına deyilir. Həmin zorakılıq halı güclü tərəfin  zəif tərəfin insanlarını hədələmək, qorxutmaq, söymək,döymək, digər işgəncə üsullarından istifadə etməklə öz istək və maraqlarına uyğun zorla özünə tabe etdirmək cəhdi kimi qiymətləndirilir. Məişət zorakılığı yer üzünü bir kabus kimi dolaşaraq hər ölkəyə yayılmış, çoxlu araşdırma və təhlil tələb edən, çox ciddi, olduqca mürəkkəb və həssas , çox vaxt dramatik situasiyalarla və bədbəxt hadisələrlə, ölümlə və özünüməhvlə nəticələnən bir zorakılıq halıdır.  Dünyada və respublikamızda məişət zoraklığının gündəlik vəziyyəti haqqında hər gün radio və televiziya xəbərlərindən, gündəlik qəzetlərdən ilkin  məlumatlar almaq mümkündür. 

Məişət zorakılığından adətən müdafiəsiz, zəif, xəstə,əlil və qoca insanlar, eləcə də  qadınlar, gənclər, xüsusilə gənc qızlar, yeniyetmələr, hətta uşaqlar da ciddi zərər çəkir, onlar müxtəlif formada təsavüzə məruz qalırlar. Ümumilikdə məişət zorakılığı həm ailə, həm də cəmiyyət üçün böyük təhlükə mənbəidir. Dünya üzrə zərərçəkənlərin statistikasını araşdırdıqda zərərçəkən insanlar arasında ən çox qadınlar və qızlar üstünlük təşkil edir.

 Məişət zorakılığının qarşısının alınmasında ailənin, cəmiyyətin və dövlətin üzərinə böyük vəzifələr düşür. Bu vəzifələr ilk öncə ailələrdə geniş izahat və maarifləndirmə işlərinin aparılması ilə başlayır. Lakin aparılan maarifləndirmə işi effekt vermədikdə, zorakılığı tötədənin uzun müddət cəzasız qalması üzündən ailədə zoraklıq halı  təkrar olunduqda və ya   şiddətləndikdə, onda hüquqi normalar daxilində məsələyə müdaxilə edilməlidir.

BMT çərçivəsində  məişət zorakılığının qarşısını almaq üçün  BMT-nin İnsan  Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt, Avropa İnsan Hüquqları Konvensiyası və onun Protokolları, Avropa Sosial Xartiyası, Avropa Şurası Nazirlər Kabinetinin “Cinsi ayrıseçkiliyə qarşı hüquqi müdafiə haqqında” və s. qərarlar  qəbul edilmiş və  onların icrası  həyata keçirilmişdir. Lakin məişət zorakılığına qarşı beynəlxalq səviyyədə və ayri-ayrı ölkələrdə nə qədər təbliğat və maariflənmə işləri aparılsa da , hər il  bu mövzuda neçə-neçə qərarlar qəbul edilsə də , cild-cild kitablar,  bülletenlər,bukletlər və s. çap olunsa da yenə də  dünyada məişət zorakılığının səviyyəsi ildən-ilə artır. Nəticədə ailələr dağılır, boşanmalar artır, qadınlar və uşaqlar başsız və nəzarətsiz qalır, dövlətin büdcəsinə külli miqdarda ziyan dəyir. Eyni zamanda məişət zoraklığından qaynaqlanan ailə münaqişələri zamanı  törədilən cinayətlər zamanı günahsız öldürülən və şikəst olan qadınların və uşaqların sayı get-gedə çoxalır.

Azərbaycan Respublikası BMT-nin Baş Assambleyasının 1979-cu ildə qəbul etdiyi Qadınlara Qarşı Ayrıseçkiliyin Bütün Formalarının Ləğvi üzrə Konvensiyasına 1995-ci ildə qoşulmuşdur. Həmin konvensiyasının əsas məqsədi kişi və qadınların hüquq bərabərliyi əsasında siyasi, iqtisadi¸sosial¸mədəni və s. sahələrdə insan hüquqlarının qorunmasını  təmin etmək¸ qadınlara qarşı ayrıseçkiliyi tam aradan qaldırmaqdır. Qadınlara qarşı törədilən zorakılığın bir sıra səbəbləri vardır. Bunlara spirtli içkilər,narkotik və psixotrop maddələr, qumar oyunu və b. səbəbləri göstərmək olar.

2010-cu ilin 22 iyununda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev   Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikası Qanununu təsdiq etdi. Həmin Qanun yaxın qohumluq münasibətlərində olmaqla  birgə yaşayışdan sui-istifadə etmək yolu ilə törədilən zorakılıq hallarından yaranan mənfi hüquqi, tibbi və sosial nəticə doğuran halların qarşısının alınmasını tənzimləyir. Eyni zamanda həmin hüququ sənəd məişət zorakılığına məruz qalmış şəxslərin sosial müdafiəsini təmin edir. Hüquqi yardıma ehtiyacı olanların yardımla təmin edilməsi, ailədə və cəmiyyətdə baş verən məişət zorakılığı hallarının aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsini nəzərdə tutur. Bu Qanunun və məişət zorakılığı ilə əlaqədar digər qanunvericilik aktlarının tələblərini pozan şəxslər Azərbaycan qanunları əsasında məsuliyyət daşıyırlar. 

 Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2011-ci ildən  BMT-nin  İnkişaf Proqramı ilə birikdə “Azərbaycanda kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatında iştirakının təşviqatı” texniki yardım layihəsi həyata keçirilmişdir. 2020-ci ildə respublikada 9 Qadın Resurs Mərkəzi olmuşdur. 

Məişət zorakılığının qarşısının alınmasında dövlətin yerinə yetirməli olan vəzifələr də çoxdur. Bura baş vermiş  məişət zorakılığı ilə bağlı araşdırma aparılması, zorakılıq hadisəsini törətmiş şəxslərin məsuliyyətə cəlb olunması, zərərçəkmiş  şəxslərin hüquq və azadlıqlarının və qanuni mənafelərinin müdafiə edilməsi, müraciət etmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi, zərərçəkənə dövlət hesabına hüquqi yardımın göstərilməsi, məhkəmə qərarlarının icrasının təmin olunması, zorakılıqla bağlı xəbərdarlığın icra edilməsinə nəzarət edilməsi, zorakılıq törətmiş şəxsin valideyn hüququnu məhdudlaşdırmaq və ya onu həmin hüquqdan məhrum olunması və digər vəzifələr daxildir. Məişət zorakılığı ilə bağlı baş vermiş zorakılıq halı barədə dövlət orqanına məlumat verənlər haqqında müvafiq icra hakimiyyəti orqanında məlumat bankı yaradılır. Bu bankda hər kəs üçün fərdi qaydada baş vermiş  məişət zorakılığının vaxtı, təyinatı, məişət zorakılığını törədənin və zərərçəkənin şəxsi məlumatları saxlanılır. Bankın yekunlaşdırdığı məlumatlar toplusu  müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Dövlət tərəfindən məişət zorakılığından zərər çəkmiş şəxslər  üçün  yardım mərkəzləri təşkil olunur. Burada zərərçəkənlərə göstərilən bütün yardım və digər xidmətlər pulsuzdur. Yardım mərkəzlərinin əsas vəzifəsi zərərçəkən şəxsləri işlə təmin edilməsinə, yeni peşələrə yiyələnməsinə  köməklik göstərmək, tələb olunduğu halda psixoloji reabilitasiya kurslarına cəlb etmək, sosial müdafiəsi məqsədilə sənədlərin hazırlanmasına yardımçı olmaq, lazım gələn zəruri hallarda zərərçəkənləri sığınacaqla təmin etməkdən və b.  ibarətdir. Zərərçəkən yeniyetmələr 3 ay müddətinədək, digər şəxslər isə 2 ay müddətinədək sığınacaqdan istifadə edə bilərlər.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi məişət zorakılığı ilə bağlı araşdırma aparmışdır. Məlum olmuşdur ki, təkcə 2020-ci ilin yanvar-iyun aylarında qeydə alınmış məişət zorakılıq hadisəsi ilə bağlı 646 cinayət hadisəsi olmuşdur. Aparılmış araşdırma nəticəsində aydın olmuşdur  ki, məişət zorakılığı respublikamızda baş verən cinayət hadisələrinin 4,9 %-ni təşkil edir. Zorakılıqla bağlı cinayətlərin 6,3%-i isə sərxoş vəziyyətdə törədilmişdir. Həmin statistik məlumata əsasən zərərçəkənlərin 77%-ni qadınlar, 1,4%-ni isə yetkinlik yaşına çatmayanlar təşkil etmişdir.

Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair  Milli Fəaliyyət Planının həyata keçirilməsi üçün Respunlika Nazirlər Kabineti başda olmaqla bir sıra nazirliklər, komitələr və digər baş idarələr bu işə cəlb edilmişdir. Bura Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər agentliklər daxildir.