YAŞAYAN ƏFSANƏ
Mən Şəhidəm!
Ölməmişəm!
Şəhidlər ölməzdir axı!..
Sizə qəhrəmanlığı əfsanəyə çevirənlərdən, ölümü ilə ölməz olanlardan,
Vətənin əbədi sevgisində, tarixin Şərəf səhifəsində heykəlləşənlərdən danışacam.
Sizə öz müqəddəs qanları ilə torpağını suvaranlardan, son nəfəsi ilə Zəfərimizə
imza atanlardan, Anaların ağ saçıda ilğıma dönən, Ataların ürəyində düyünə dönən Şəhid
ömürlərindən danışacam.
Sizə Məğlubedilməz Azərbaycan Ordusunun Əsanəvi Kəşfiyyatçısı, torpaq sevgili
Bayraq sevdalı, Vətən Fədayisi “Azərbaycan Aslanı” (R.T.Ərdoğan), Kəşfiyyatın Mixayilosu
-Mühid Orucovdan danışacam.
Bəşər tarixinin 1984-cü il astanasında Qazax Mahalının bənövşəli-nərgizli Fərəhli kəndində Orucovlar ailəsində bir körpə dünyaya göz açdı.Gözaydınlığı verənlər, muştuluq alanlar saya-hesaba gəlmədi. Dünyaya oğul gəlmişdi axı! Gəlmişdi ki, ataya-anaya oğul olsun, Torpağa məlhəm olsun,Vətəninə gərək olsun, dayaq olsun.
Mühüd bu dünyaya qəhrəman olmağa gəlmişdi. Mən Türkəm deməyə gəlmişdi.Türkün məğlubedilməzliyini göstərməyə gəlmişdi.
Mühüd elə bir torpaqda dünyaya göz açmışdı ki, hər daşı, hər qayası bir igid səngəri,bir
qəhrəman oylağı olmuşdu. Qazax mahalı dünyanın hərb tarixinə kimləri bəxş etmişdi:
Azərbaycanın ilk hərbi təyyarəçisi – Fərrux ağa Qayıbov- Qazaxın qəhrəmanlıq qalasından 1-ci dünya müharəbəsinə uçuş etmiş Zabit, “Artilleriya Allahı” adlandırılan Əliağa Şıxlinski, Azərbaycanın ilk Generalları-Vəkilovlar, El arasında mərdlikləri kişilikləri ilə dastana çevrilən İsrafil ağalar ,Qaçaq Kərəmlər və daha kimlər, kimlər. Qazax mahalının fəxarətləri. Bu qəhrəmanların hamısı gələcəkdə Mühüdün idealına çevriləcəkdi.
Mənim Qəhrəmanımın səfalı Fərəhli kəndi erməni kəndləri ilə qonşu idi.Mühüd dünyaya gələndə hər şey zahirən yaxşı idi. Onda sakitlik idi. Hələ bənövşələr, nərgizlər atəş səsindən diksinmirdilər. Mənim Qəhrəmanım əzəmətli Göyəzənin, Odun dağının ətəyində, yurd sevgisi ilə torpaq laylası ilə böyüyürdü. O vaxtacan ki, mənfur düşmənimiz torpaq idiasına düşdü.
Birinci Qarabağ savaşı başladı.
Beləcə Mühüdün uşaqlıq illəri barıt qoxulu oldu. O, sönən ümidlərin, donan arzuların şahidi oldu.Şəhid analarının naləsini, fəryadını duydu,məcburi qaçqın-köçkün harayını eşitdi.Mühüdün uşaqlıq illəri beləcə göz yaşları içində keçdi. Qarabağ savaşı isə təkcə Qarabağda getmirdi. Bədxah erməni yalquzaq kimi qəflətən qonşularına hücüm edirdi. Fərəhli kəndi də erməni basqınlarına məruz qalan kəndlərdən biri idi. Qəhrəmanım ermənilərin törətdiyi ən dəhşətli faciələrdən biri olan Bağanıs Ayrım faciəsini də uşaqkən yaşamışdı. Cammatla birlikdə hönkürərək ağlamışdı: Beşikdəki, korpəni necə öldürə bilərlər? İnsanları diri-diri ot tayasında necə yandıra bilərlər, axı??? Bütün bu suallar onun körpə qəlbini sıxırdı, parçalayırdı. Elə həmin andan Mühüdün balaca yumruğu düyünlənmişdi və anda çevrilmişdi. Hələ dəhşəti ilə yer üzünü titrədən, Azərbaycan xalqını göz yaşında boğan Xocalı faciəsini ermənilər törədən zaman qəhrəmanımın cəmi səkkiz yaşı var idi.O,körpəcə qəlbində ağladı, zalımlara üsyan etdi: Bizdən nə istəyirlər axı! Bu nida onun ürəyində özünə yuva saldı.
Mühüdün qəlbinə sancılan oxlardan biri də, həmin il Novruz tonqallarının qalanmaması oldu. Faciə içində Novruzu necə qeyd etmək olardı ki…
İgidimin qəlbinin atəşini Fərəhli kəndinin ilk Şəhidlərindən olan Kamran Kərimovun şəhadətə qovuşması daha da alovlandırdı. Hələ qonşu kəndlərdən gələn Şəhid xəbərləri onun qəlbində tufana çevrilirdi. Kövrələ-kövrələ öz özünə söz verdi:” Bu günləri unutmayacam torpağımı qoruyacam, məzarımı Vətənimə səngər edəcəm!”
Elə həmin istək, yurd sevgisi, qəhrəmanlıq amalı onu Cəmşid Naxçivanski adına Hərbi Litseyə gətirdi.Daha sonra Ali Hərbi məktəbi bitirərək Mühüd Vətənin Zabiti-Əsgəri oldu. Və onun neçə illər öncə sıxdığı yumruq- İntiqam düyünü- uğurla həyata keçirdiyi hərbi əməliyyatlarda açılırdı. Bu səssiz Qəhrəman əvvəlcə kəşfiyyat bölüyünün Tağım Komandiri, daha sonra XTQ-də Kəşfiyyat Tabor Kamandiri olur. Mühüd iştirak etdiyi bütün əməliyyatlarda savaşlarda, qorxmazlığı, cəsurluğu, igidliyi ilə fəqlənirdi. O, ölümün gözünə dik baxmağı bacaran bir döyüşçü idi.Əsgərlərinə sücayəti ilə ilə ruh verərək, həmişə öndə özü gedirdi. Onunla əməliyyata getməyi hər bir əsgər arzulayırmiş. Qəhrəmanımın qorxmazlığına, cəsurluğuna, hərbi məntiqinə, döyüş taktikasına görə silahdaşları onu Mixayilo adlandırırlar.
Mixayilo ermənilərə ölüm saçan bir vahiməyə çevrilir.Kəşfiyyatda canlı əfsanəyə dönür.
Gerçəklikdən, igidlikdən yoğrulan bir Əfsanə!
Mühüdün qəhrəmanlıq ömrünə şərəflə yazılmış bir tarix: 2014-ci il Avqustun 1-dən 2-
sinə keçən gecə erməni xüsusi təyinatlıları Azərbaycanın yaşayayış məntəqələrini artilleriya atəşinə tutur. Düşmən susdurulmalı idi. Mənim qəhrəmanım döyüşə atılır. Əfsanəyə bənzəyən igidliklər göstərir. Düşmən susdurulur. Göstərdiyi igidliyə görə, düşmənə, sarsıdıcı zərbə vurduğuna görə Mühüd Orucovu şəxsən Cənab Prezident –İlham Əliyev mükafatlandırır. Cəngavərimin qəhrəmanıq səhifəsində daha bir parlaq gün: Türkiyədə kursda olarkən onların təlim məşqlərini Türk dünyasının Sultanı R.T.Ərdoğan izləyib. Mühüdün heyratəmiz çıxışlarını dəyərləndirərək onu “Azərbaycan Aslanı” adlandırır.
“Azərbaycan Aslanı” haqqında ehtiyyatda olan Polkovnik, Qarabağ Fatehi, 44 günlük müharibədə özünün dəstixətti olan Zəfər tariximizə Qəhrəmanlığı ilə imza atan Eldəniz Namazov deyir: “Mühüd Qəhrəmanlığın adı, igidliyin səssiz, amma sarıdıcı nümunəsidir. O, ölümün üstünə addımladı ki, Vətən yaşasın. Cəsarəti döyüş meydanında tarix yazdı, Şücayəti torpağa can verdi.”
Bəli! Mühüdlər torpağa can verib, Torpağı Vətən etdilər.
Mühüdün insanlığı, vicdanı, mərhəməti rütbəsindən böyük idi. Döyüş yoldaşı Sərxan Məmmədov deyir:” Bütün əməliyyatlarda, vuruşlarda Mühüd öndə gedirdi.O, bizə qorxmazlığı ilə ruh verirdi.”Tarixin 2016-cı il 3 aprel astanası- Qəhrəmanımın Azərbaycanın hərb tarixinə öz qanı ilə tarix yazdığı gün, Vətən bayrağına sarıldığı gün və yüksək Məqama-Şəhadətə qovuşduğu gün! Anasının ümidlərinin, arzularının söndüyü gün”
Yox, yox …Komandir ölə bilməz… yəqin yenə düşmən arxasına sızıb… qayıdacaq…hökmən qayıdacaq! Hər kəsin qəlbindən bu nidalar keçirdi: Kaş ki, belə olaydı… Mühid isə Talış yüksəkliyi uğrunda gedən döyüşdə Qəhrəmancasına Şəhid oldu. Düşmən Mühüdün ölüsünə belə yaxın gedə bilmirdi. Düşünürdülər ki, Mixayilo onlara aldadıcı həmlə edər.Aprelin 8-də Mühüdün nəşi götürülür.
9 aprel 2016-cı il ! Mixayilonun “Azərbaycan Aslanının” Kəşfiyyatın Əfsanəsinin izdihamı.Vətənin dağ vüqarlı oğlunun doğma Fərəhli kəndində əzəmətli vida mərasimi …
…Minlərlə insan axını… hər kəs ağlayırdı… acısını laylaya çevirirdi, anda çevirirdi.
Şəhid Anar Nağıyev:” Mən Mühüdün –Komandirin qisasını almayınca ölməyəcəm söyləmişdi və o anı gözləmişdi ki, Mixyilonun qisasını alsın. Nəhayət 44 günlük müharibədə Anar son damla qanınadək vuruşur və Mühüdün qisasını alaraq Şəhid olur.
Dərd-kədər insanı bürüyəndə sazdan-sözdən yapışır. Mən də Səhlədar Hidayətoğlunun bu ölməz Qəhrəmanımıza həsr etdiyi şeirə üz tutdum:
Hünər dənizinə dalan millətin,
Boz Qurdun himnini çalan millətin
Mühüd kimi oğlu olan millətin,
Torpağı basılmaz, yurdu basılmaz.
Müqqədəs Şəhidim! Sizin kimi igidlərin, mərdlərin qanı ilə suvarılan torpaq əsla basılmaz! Siz Zəfər Himnimizi yazdınız! Şərəf tariximizə möhr vurdunuz! Torpağı Vətən etdiniz! 44 günlük müharibənin Zəfər meyarı sizin şücayətiniz oldu.Qarabağda siz də vuruşdunuz! Şuşanın sıldırımından yol açanlar siz idiniz.Şuşanı azad edənlərin yanında idiniz!
Dəmir Yumruqlu Qalib Sərkərdəmiz- İlham Əliyev Şuşada Novruz tonqalı-Qələbə tonqalı alovlandırır. Sizlərdə tonqal ətrafındasız. Axı bu sizin ən böyük arzunuz idi.Arzunuz çin olsun həmişə!Elə bu an bir Şəhid türküsü eşidirəm:
Mən Şəhidəm!
Ölməmişəm!
Şəhidlər ölməzdir axı!
Bu ölməzlik qarşısında etiramla, böyük məhəbbətlə baş əyirəm.
Nur içində yatın, Müqəddəs Şəhidlər!
Gülnar Osmanova
Qazax rayonu.