Rafail Incəyurd Ismayilov- MƏKTUB

Ədəbiyyat 20:35 / 22.09.2026 Baxış sayı: 321

 

Bu qəhri zaman ələdi,

Ələyib ruhu bələdi.

Buralar elə belədi –

Oralarda nə var-nə yox?

Bağbanları pərən dünya,

Kal barını dərən dünya,

Gördüyünü görən dünya

Bilir harda nə var-nə yox.

Dağılırmı hamı fərd-fərd,

Düzülürmü sözlər dərd-dərd?

Üşüyürmü əski ülfət,

Aralarda nə var-nə yox?

Süründükcə sürünənlər,

Sirr daşıyır bürünənlər...

Yalandı ağ görünənlər,

Qaralarda nə var-nə yox?

...Haqq zalımı yenə bilər,

Sala bilər yönə... Bilər!

Onlar nə bilər, nə bilər –

Haralarda nə var-nə yox?

22.09.26