Musa Yaqub - BU PAYIZIN DƏRDİ
Bu payızın dərdi götürüb məni,
Çox mətləb üstünə gətirib məni -
Görəsən bir daha açılmacayaq
Gedəri ağaclar sonuncu kərə
Yarpaq tökümünə necə dözəcək?..
Taleyin hökmünə necə dözəcək?..
İlk yarpaq tökümlü o üryan budaq,
Soyusa havalar necə dözəcək?
Bir daha leyləyi qayıtmayacaq
O tənha yuvalar necə dözəcək? -
Bu payızın dərdi götürüb məni.
Vaxt özü fırladır ömür çarxını,
Çətin o həvəsdə bir daha bitim.
Yaman çayır basıb payız arxını,
Bulaq nəğməsi də donacaq, bildim
Xəzan budayacaq, yonacaq, bildim…
Torpaq bu yonqara necə dözəcək?..
Nə zərif bədəni var o ağacın,
İlk qara, son qara necə dözəcək -
Bu payızın dərdi götürüb məni.
Nə qədər hicranlar var bu dünyada,
Payızın ən həzin çağı olanda,
Kimsə bu payızla tənha qalanda
O hicranlı təklər necə dözəcək?
O solan sevgilər, insan ağaclar,
O insan çiçəklər necə dözəcək -
Bu payızın dərdi götürüb məni.
Guya ki, xəzanı almaz eyninə,
Yaman inadkardı o tənha yarpaq -
Qışacan birtəhər necə dözəcək?
Bu payız toyları geciksə yenə
Görən sevgililər necə dözəcək -
Bu payızın dərdi götürüb mən