Ramiz   Qusarçaylı - ŞEİR İŞİ

Ədəbiyyat 19:00 / 22.09.2026 Baxış sayı: 317

 

Əziz dostum, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədlini doğum günü münasibəti ilə təbrik edirəm!

Nadir Məmmədliyə

Bu axşam şeirə toxunmayacam,

Eləcə baxacam dərkin şəklinə.

Daha yer dilində oxunmayacam,

Saralmış səsimi sovurur sükut

Göylərə yönələn ərkin şəklinə.

Yer yerdən oynayır...

sükut səsimi?..

Sükut təkanları

söz nəfəsimi?..

Fikir qırıntısı,

ideya şumu,

Dağıdır beynimi, didir huşumu.

Qırılır yarıda,

bitir yarıda,

Yüksüz misraları yük sayıram mən.

Zoğa saxlamıram obrazları da,

Əlimə keçincə budayıram mən.

Hənirti-hənirti ləpələnən səs,

Bəlkə ruh səsimdi, duyğu səsimdi.

Səsim yuyunmağa bir ilıq nəfəs,

Bir damla göz yaşı olsa, bəsimdi...

Bahar yaşıllığın bətn dilidi,

Körpə duyğuların göy cavabı var.

Payız xəzəllərin mətn dilidi,

Hər sözdə düşüncə iztirabı var.

Hər şeir iş yeri,

hər iş şeir işi,

Şeir qazanıram günün sonunda.

Doğulmuşam ayın iyirmi beşi

Elə öləcəyəm ayın sonunda...

Ölü ölməzlərə çox gülüb ölüm,

Bu gülüş səbrimi çəkir tarıma.

Mənim də başıma gələcək ölüm

Hələ ki, dolaşır ayaqlarıma.

Açıb gözüm kimi səhərlərimi,

Yumuram gözümdə axşamları mən.

Səpib sətirlərə qəhərlərimi

Düzürəm üstünə ağ şamları mən.

Bu axşam sözə söz yatırmayacam,

Var sözün sərmayə xarizmaları.

Qələmi şeirə batırmayacam,

Qurusun qələmin qansızmaları.

Tükənən tərgləri tərk edirəm mən,

Dünya içimdədir,

tərkimdə geyil.

Dünyanın nəyi var, dərk edirəm mən,-

Dünyanın nəyi yox,

dərkimdə geyil