Məmməd  Qədir - Canımı

Ədəbiyyat 12:00 / 23.09.2026 Baxış sayı: 137

 

Yenə şeir tutub məni,

Buraxmır, çəkir canımı.

Necə qaçım öz İçimdən,

Alıb min fikir canımı.

 

Sözüm əkindi, bitmədi,

Qəmdən çəkindi, bitmədi,

Bitdim, tikinti bitmədi,

Hey sökür, tikir canımı.

 

Hər misra qan içir məndən,

Üstü məndən, içi məndən,

Güllə kimi keçir məndən,

Varağa tökür canımı.

Üstümü sel kimi alır,

Göylərə ahım ucalır,

Fərhad kimi külüng çalır,

Dağıdır, sökür canımı.

Daş idim, quma çevirib,

Ömrümü şuma çevirib,

Toxuma, tuma çevirib,

Kağıza əkir canımı..