Xatire Rehimbeyli - Ellər eyyy...
Yenə ürək doldu,gözlərim daşdı,
Söz-sovum tükəndi,dilim dolaşdı.
Mənəm qəlbiqiriq,gözləri yaşlı,
Bax,onsuz gəlmişəm sizə, ellər eyyy...
Soldunuz kimlərin fəndi- felində,
Kimin qəbri üstdə,kimin telində...
Dərilib dəstəylə onun əlində
Niyə gəlmədiniz mənə ,güllər eyyy...
Nə var ürək qırıb ,könül yıxmağa,
Yaxından yandırıb gendən baxmağa.
Yoxsa üzünüz yox üzə çıxmağa,
Uzanıb gedirsiz hara,çöllər eyyy...
O,oyun oynadı,mən buta bildim,
Bunu bəxt yazana bir xata bildim...
Nə yetdim,nə də ki unuda bildim,
Boşuna dolandı aylar,illər eyyy...
Gördüm bu dünyanı onun gözüylə,
Özünü itirdim ,getdim iziylə..
Yaxşı nişançıymış,bircə sözüylə
Qırıldı qanadlar,düşdü qollar eyyy..
Yenə ürək doldu,gözlərim daşdı,
Söz-sovum tükəndi,dilim dolaşdı.
Mənəm qəlbiqiriq,gözləri yaşlı,
Bax,onsuz gəlmişəm sizə ellər eyyy...