Xatirə Rəhimbəyli - Cəsurluğun qürurum,kədərimdi həlakın,

Ədəbiyyat 11:52 / 28.09.2026 Baxış sayı: 525

Cəsurluğun qürurum,kədərimdi həlakın,

Cismin məzarda saxlı,ruhun cənnətdə sakin.

"Əzizim,Vətən yaxşı...",-deyim,bayatı çəkim,

Yoxsa məzarın üstdə çalım layla,şəhidim?

Yurdun hər qarışında sənin haqqı-sayın var,

Palıdlaşan vüqarın,çinarlaşan boyun var.

Udduğumuz havada,suda sənin payın var,

Layiqiksə,haqqını halal eylə,şəhidim.

Keçdin taleyimizdən,keçdin ildırımsayaq,

Yağdırdın alovunu düşmən üstə...yenə yağ...

Adın - müsəlləh əsgər,ruhun daima oyaq,

İgidləri qisasa çağır,hayla,şəhidim.

Zamanları adlayar,əsrləri aşarsan,

Gözlərdə,könüllərdə elə qaynar,daşarsan.

Bizlər gəldi-gedərik,sən əbədiyaşarsan,

Bizdən gələcək nəslə salam söylə,şəhidim.

Layiqiksə,haqqını halal eylə,şəhidim