Kəmalə Abiyeva Aydın qızı - SƏN ELƏ AZADSAN

Ədəbiyyat 19:00 / 27.09.2026 Baxış sayı: 420

 

Şəhidlərə məktub

Torpaq əsirdisə Vətən şəhiddi,

Bu boyda ağrıyla yaşamaq olmur.

Ey Vətən yolunda şəhid igidim,

Böyüklüyünü də daşımaq olmur.

 

Elə möhtəşəmsən, elə böyüksən,

Sığmırsan nə qəlbə, nə gözə igid.

Utancdan öləcək sənə nə desəm,

Sığmazsan nə dilə, nə sözə igid.

 

Bu torpaq uğruna fəda etdiyin

həyatına qurban, özünə qurban.

Bağrımı yandıran son nəfəsinin

“Vətənim sağ olsun” sözünə qurban.

 

Sənə də, mənə də anadır igid,

Vətən dediyimiz bu Azərbaycan.

Heyf, əvəzinə ölə bilmədim,

Sən anana qurban, mən sənə qurban...

 

Sən elə azadsan, elə azadsan,

Mən bu azadlığın quluyam daha.

Sən elə rahatsan, elə rahatsan,

Mən isə dönmüşəm gözyaşlı aha.

 

Sən elə əlçatmaz bir zirvədəsən,

Bilmirəm, nə vaxtsa görüşərikmi?

Sən o kutsal Vətən zirvəsindəsən.

Bilmirəm, ruhumuz görüşəcəkmi?

 

Vətəndən halallıq alan igidim,

Sən elə xoşbəxtsən, elə xoşbəxtsən.

Mən səndən halallıq ala bilmədim,

Ömürlük önündə borclu qaldım mən.

 

Hər qarış torpaqda gəzən nəfəsin

“Haqqını halal et” deməyin deyir.

Həkəri çayına qarışan səsin

“Haqqımı Vətənə vermişəm” deyir.

 

Haqqımı qoruyun, tapdalanmasın,

Qoruyun siz Vətən əmanətimi.

Elə qoruyun ki, canı yanmasın.

Qoruyun Şəhidlik səadətimi.