Sabir Zəkullaoğlu - İnsan yalnız öz ağrısının içində yaşamır.

YAZARLAR 14:16 / 25.09.2026 Baxış sayı: 607

Dünən oğluma telefon etdim. Cavab vermədi. Sonra başım iş gücə necə qarışdısa oğlum da yadımdan çıxdı, telefon da.

Ancaq axşam tərəfi oğlumun mənə etdiyi telefon zəngi dünəndın bəri bir dəqiqə də olsun yadımdan çıxmır.

Oğlumun mənə dediyi ilk cümlə qulağımda ildırım effekti yaratdı.

Məhv oldum. Varlığından yox oldum. Dinimdən, imanından oldum. Bədənim süstləşdi.

Həyatın nə qədər mənasız və acımasız olduğuna bir daha şahidlik etdim.

Düşündüm ku, fələk bizi heç güldürmədi. Hep ağlatdı.

O gün yadıma kəndimizdə bir qız vardı o düşmüşdü. Adı Rəna idi. (ad şərtidir.)

Məndən dörd, beş yaş böyük olardı.

Yadımda belə qalıb; balaca boylu, gülərüz, arıq bədən quruluşlu, uzaqdan hiss olunmayan, ancaq yaxına gələndə mavi gözlərinə xüsusi gözəllik verən xırda çilləri vardı. Üzü həmişə gülürdü..

Toylarda yaman oynayardı. Musiqiçilər onun əlindən bizim kəndə toy çalmağa gəlmək istəməzdilər.

Rənanın olduğu toyda nağara çalanlar növbəlilik prinsipiylə toyu yola verirdilər.

Çünki Rəna oynamağa başlayanda oynamağıyla onları gərçəkdən əldən salırdı.

Heç bilmirəm o gün bu Rəna mənim yadıma hardan düşdü.

Telefonu götürüb bacıma zəng vurdum:

Nəriş, necəsən başına dönüm-ay bacıların ən yaxşısı, taxtı, tacı ?

Cavabı gözləmədən - zatən cavabını bilirdim-yaxşıyam bacı qurban, Rənanı soruşdum.

Bacım başladı, nə başladı; Sabir, Rəna sən gördüyün Rəna deyil. Rənada nəinki R, heç a da qalmayıb.

Bir onu deyim ku, Rəna qonşu kənddə əfəl, fərasətsiz bir oğlana ərə gedib, beş altı uşağı da var.

Nəyisə...

Detalları yazmağa başlasam bir kitablıq yazıdır...

Bacımla sağollaşandan sonra bir xeyli qəmləndim. Rənanı düşündüm, onun toylarda necə oynadığını xatırlayıb, indiki gününə hönkür- hönkür ağladım.

Təxminən bir həftə onun depresiyasında çıxa bilmədim..

Dünən də oğlum: oğlum mənə telefon açıb deyir ki, sinif yoldaşım rəhmətə getmişdi, onun dəfnində idim, bağışla ata, ona görə sənə gec cavab verdim...

Təsəvvür edirsiz?

Oğlumun 28 yaşı var.

Onun sinif yoldaşı, bu yaşda dünyasını dəyişib. Bir yaşında qızı, cavan həyat yoldaşı qalıb. Evdə tək işləyən o idi, indi evdə başqa işləyən də yoxdur. Kirayədə qalırlar.

Ata da dünyasını dəyişib, ana da evdar qadın.. Hələ iki bacısı da var...

Qəbiristanlıqda da qəbr yeri pulladır..

Bütün bunları eşidəndən sonra necə rahat yaşamaq olar..

İnsan yalnız öz ağrısının içində yaşamır. Başqasının dərdi də gəlib insanın ürəyinə oturur.

Biz özümüz üçün xoşbəxtlik axtarırıq. Amma ətrafımızda o qədər yarımçıq qalmış həyat, o qədər dərd, o qədər səssiz ağlayan insan var ki...

İnsan bütün bunları görəndən sonra öz xoşbəxtliyinə də tam sahib çıxa bilmir.