Sabir Zəkullaoğlu - Cahillik  nədir?

YAZARLAR 12:00 / 25.09.2026 Baxış sayı: 715

 

Cahillik bir adamın savadlı, məlumatlı, bilgili olduğu halda düşünməkdən və sorğulamaqdan uzaq olması halıdır.

İnsan savadlı və məlumatlı olub, təfəkkürlü olmaya bilər.

Var belə adamlar; yaddaşı güclüdür, yaxşı hafizəsi var, hansısa sahənə əzbər bilir. Ancaq robotdur. Hissi duyğusu, dərrakəsi yoxdur.

Soruşursunuz cahillik nədir?

Davam edirəm, cahillik elmlə məşğul olan bir adamın dini təbliğ etməsi deməkdir. O dini ki, ən sonuncu yaranmış dinin meydana çıxmasından artıq on beş əsr keçib. Halbuki, gerçək elm adamları on beş əsr bundan əvvəlki nağılları yox, on beş əsr bundan sonraya proqnozlar verirlər.

Cahillik “bütün elmlərin mənbəyi Qurandadır” fikrini cəmiyyətə aşılamaq davranışdır. Əgər bütün elmlərin mənbəyi quranda olsaydı o kitab dünyanın ən mötəbər, ali təhsil ocaqlarında tədris olunardı.

Cahillik təsdiqi və hesablanması mümkün olmayan mistik hadisələrə inanıb, həmin inancların şərtləri ilə yaşamaq istəyidir.

Cahillik seyidə, ocağa, pirə, Azərbaycanda heç vaxt olmayan Əlinin Maştağadakı "ayaq izlərini" “ziyarət” edib, iki toyuğunu sataraq ora nəzir vermək, Əlinin heç vaxt ayağı dəymədoyi “izindən” şəfa diləmək istəyidir.

Musanın dənizi ikiyə bölməsinə , Məhəmmədin günəşə və aya təsir etməsi kimi “əməllərinə” inanmaq halıdır.

Əziz qardaş, nə deyim?

Ümumiyyətlə cahil olmaq, əslində, elə bizim bu mövzunu dartışmaq halımızdır...

İnkişaf etmiş millətlər dini üç yüz il bundan qabaq basdırıblar.

Əslində mən də ilahi ədalət deyilən anlayışı otuz il əvvəl Xocalıda dəfn etmişəm.

Birdən səhv edərəm deyə onu Tərtərdə, Qəzza və Ukraynada da axtarıram..

Ümid ölməyib, axtarışlar davam edir..