Arzu Hüseyn - Anlaşa bilmədik nə sən, nə də mən

Ədəbiyyat 14:38 / 25.09.2026 Baxış sayı: 531

Anlaşa bilmədik nə sən, nə də mən,

Bəs niyə ürəyim yanan ocaqdır?

Əlvida ayrılıq deyil, Birdənəm,

Ayrılıq, əslində darıxmamaqdır.

Mən sənə nə deyim – o yol, o da sən.

İntizar yolunun üzü gecədir.

Əlvida ayrılıq deyil, Birdənəm,

Ayrılıq, ümidlər can verincədir.

Demirəm bu eşqin önündə əyil,

Sevgi qəfəs deyil, azad olmaqdır.

Ayrılıq həsrətdən boğulmaq deyil,

Ayrılıq, onsuz da nəfəs almaqdır.

İndi əllərinin təsəllisi nə?

Özgə dodaqların dadı necədir?

Əlvida ayrılıq deyil, Birdənəm,

Ayrılıq, inadın tükənincədir..