İdris  Babayev - SƏNİN QİSASINI ALDI DOSTLARIN

Ədəbiyyat 10:31 / 27.09.2026 Baxış sayı: 544

 

(Şəhidlərə ithaf)

Bir azdan Günəşi doğar, Şəhidim!

Torpağı düşməndən aldığın günün.

Bu gün tamam olur beşinci ili,

Dünyanı heyrətə saldığın günün.

Sənin qisasını aldı dostların,

Azaddır Qarabağ, Laçın, Kəlbəcər,

Rahat yat, nigaran qalma, Şəhidim.

Salınır sən gəzən yerlərdə şəhər.

Az qalıb ya sabah, ya da biri gün,

Dünyaya səs salar Böyük qələbə.

Bu gün şagird olan balaca körpən,

Sabah Qarabağda olar tələbə.

Gecə saat üçdür, bir az da keçsin,

Ayılıb yuxudan xalq dəstə -dəstə,

Axışıb gələcək, əziz Şəhidim,

Səni ziyarətə məzarın üstə.

Xocavənd azaddır, Xocalı azad,

Azad nəfəs alır indi Xankəndi.

Daha əyə bilmir haqq tərəzisin,

Hiyləgər düşmənin hiyləsi, fəndi.

Üz tutur gah qərbə, gah da şimala,

İtirib qürurun əyilir, sınır.

Bizlərə tor quran, namərd qonşular,

Özləri o torda indi çırpınır.

27.09.2025