Məmməd İlqar - Başın sağ olsun...
Ədəbiyyat
11:00 / 27.09.2026
Baxış sayı: 485
Vətən, başa çox iş gələr,
Baş əymə, başın sağ olsun.
Biz ölməyə doğuluruq,
Torpağın, daşın sağ olsun.
Neçə cəfakeşin qalır,
Bir evdən bir qoşun qalır,
Beşin ölsə, beşin qalır,
O qalan beşin sağ olsun.
Çat verir, çatlayır dözüm,
Sən çatlama, canım-gözüm.
Bizi ağlamağa gözün,
Bir də göz yaşın sağ olsun.