Fariz Süleymanoğlu - SƏNİN OLAN

Ədəbiyyat 19:43 / 27.09.2026 Baxış sayı: 1409

 

“Allah ürəklərdə olanları biləndir”

                               [QURAN 3/119]

Bu gün əkib-biçdiklərin səninmi?

Alıb, yeyib-içdiklərin səninmi?

O mənəvi seçdiklərin səninmi?

Sənin olan, axı, nə var dünyada?!

 

Damağında o aldığın tamınmı?

İllərini sərf etdiyin kamınmı?

Bu altına sığındığın damınmı?

Sənin olan, axı, nə var dünyada?!

 

Dağ, meşələr, tarlalarmı sənindi?

Fəth olunan qalalarmı sənindi?

Uçub gedən balalarmı sənindi?

Sənin olan, axı, nə var dünyada?!

 

Köçərisən, yığdıqların qalıcı,

Sahib deyil, alıcısan, alıcı.

Başın üstə gəlsə əcəl qılıncı,

Sənin olan, axı, nə var dünyada?!

 

Gəl, ey Qərib, biz düşünək, bir daha,

Nə qalıb ki, ya nökərə, ya şaha?

Qəlblərdəki əyandırsa Allaha,

                                     Bizim olan heç nə yoxdu dünyada!