Firudun Ağazadə -UNUTMURUQ!
Şəhid Ruslan Ağayevin məzarı başında Gizir Ağayev Ruslan Qalib oğlu 2015-ci ilsentyabrın 1-də Qazax rayonunun Qızılhacılı
kəndində gedən döyüşlərdə şəhid olub.
Ruslan əmim nəvəsidir. Anası Şamamanın ürəkparçalayan fəryadı qulaqlarımdan getmir...
Ruslanın son yazdığı sözlər: “Qan tökməyisevmirik, amma məsələ Vətən olunca dünyanınşah damarını kəsərik”.
Qəhrəmanlıq örnəkləri – Vətənin şanı,
Salam sənə, ay nəslimin hünər nişanı!
Anan səni böyütmədi can qorumağa.
Ana Vətən şanlı olar oğullarıyla,
Biz sizləri böyütmüşük şan qorumağa!
Mən demişdim, “A” hərfinin bir sirri var.
Əlifbada başda gəlir, birincidir.
Bu hərflə, bu soyadla doğulanlar
Hər bir işdə,
Hər bir işdə birincidir.
Famildaşım,
Nəsildaşım, gizir Ağayev!
Salam sənə, ay nəslimin şəhid oğlu!
Düşmənin qabağında
Birinci olmaq üçün
Səni ön səngərə də
Aparan “A” hərfi olub.
Sən gəncliyə örnək oldun, igid balam,
Famildaşım,
Nəsildaşım, gizir Ağayev!
Dünən baban daşıyırdı
Bu şərəfli soy adını,
Bu gün sənsən, bu gün mənəm – bizik “Ağayev”!
Bizim elin yaddaşında
Əməliylə neçə nəslə örnək olan
Bir şərəfli ad saxlayıb Qurban baban.
Bu şərəfdir – nəsildaşım gizir Ağayev,
Bu taledir – ay Vətənə qurban balam.
Nəsildaşım, cəsur balam,
Düşmən qabağına birinci çıxıb,
Vətən savaşında
Dastan yazdınız, dastan.
Yurdun sərhəd-sipəri
Nəsil ağacımın pöhrəsi Ruslan!
Qəhrəmanlıq örnəkləri – Vətənin şanı,
Salam sənə, ay nəslimin hünər nişanı!
Famildaşım,
Nəsildaşım gizir Ağayev,
Anan Şamamaya dərs demişdim,
əlaçı idi.
Sən döyüşdə “Əlaçı” oldun.
Düşmənin gülləsini
Köksündə söndürən igid,
Dar gündə yurdun əlacı oldun..