Xatirə Rəhimbəyli - AD GÜNÜMÜN ŞEİRİ...

Ədəbiyyat 15:00 / 26.07.2026 Baxış sayı: 407

 

(30 yaşın şeiri)

Umduqlarımın həmişə

Biri yoxdu,biri vardı.

Ürək yoxun əvəzinə

Xəyallarla ovunardı .

15-in nağıla verdim,

15 -ini kim apardı?..

Canım,ad günün mübarək!

Aşiq ölməsə ,tanınmaz,

Döz hələ eşqin dağına.

Nə sevmisən ki...Ölümü

Hələ buraxma yaxına.

Ağrıdıqca böyüyürsən

Xəyanətin acığına...

Canım,ad günün mübarək!

Sənin bir qəminə dəyməz

Onun min hicri,vüsalı.

Sən dönmədikcə bu yoldan,

O gəzir dəli, havalı.

Bəsindi,sevincək gəlib

Pıçıldayırsa xəyalı:

--Canım,ad günün mübarək!

Bir eşq üçün olubdusa

30 il bir göz qırpımı.

Dəyanətlisən,nə var ki

Söndürməyə 30 şamı?

Nə sən atıb gedəsisən,

Nə o açar bu dastanı.

Cənnət bağı bilib girdin

Sən o zaman bu zindanı...

Səninkidi ,bu acını

Çək,çıxsın canının canı...

Canım,ad günün mübarək