Bəhram Bilaloğlu-  Hər ağacın öz dili var.

YAZARLAR 09:52 / 25.07.2026 Baxış sayı: 2179

Hər ağacın öz dili var. Kimi meyvəsi ilə danışır, kimi ətri ilə, kimi də kölgəsi ilə. Söyüd isə qəribə ağacdır. Yayın qızmar çağında yorğun yolçunu sinəsinə alar, kölgəsini əsirgəməz. Budaqları meh ilə birlikdə başın üzərində dua kimi pıçıldayar. Amma ac qalan adam onun budaqlarından meyvə dərib qarnını doyura bilməz.

Bir gün yaşlı bir bağban nəvəsinə dedi:

— Oğlum, insanları tanımaq istəyirsənsə, əvvəl ağaclara bax. Hər ağac insana bənzəyir.

Uşaq təəccüblə soruşdu:

— Bəs söyüd kimə oxşayır?

Qoca söyüdün kölgəsinə baxıb ah çəkdi.

— Elə adamlara ki, səni həqiqətən sevirlər. Baxışlarında bunu görürsən, səsində bunu eşidirsən, dar günündə kölgə kimi yanında olurlar. Amma bilmədən, bəzən də bilərəkdən, sənin ən çox sevdiyin insanlar haqqında başqalarına elə sözlər danışırlar ki, o sözlər ürəklərə daş kimi düşür.

Uşaq susdu.

Qoca davam etdi:

— Elə bilirlər ki, dedikləri adi söhbətdir. Halbuki hər sözün bir taleyi var. Dildən çıxan söz bəzən gedib iki ürəyin arasına soyuq külək salır. O külək əvvəlcə inamı üşüdür, sonra sevgini. İnsan isə çox vaxt o soyuğun haradan gəldiyini anlamır.

Söyüd yenə də kölgə verirdi.

Bağban budaqlara baxaraq dedi:

— Kölgə vermək gözəldir. Amma bəzən bir meyvə min kölgədən qiymətlidir. Sevgi də belədir. Sevmək təkcə yanında olmaq deyil. Sevmək, sənin sevdiklərini də qorumaqdır. Onların sirrini, hörmətini, adını öz adın kimi əmanət bilməkdir.

Çünki sevgi dilə gələndə qeybətə çevrilirsə, artıq kölgə sərinlik yox, qaranlıq gətirir.

Həmin gün uşaq söyüdə başqa gözlə baxdı.

Anladı ki, insanın böyüklüyü yalnız sevgisini göstərməsində deyil. Əsl böyüklük sevginin əmanətini qorumağındadır.