Məmməd Qədir - Yavaş- yavaş

Ədəbiyyat 13:30 / 25.07.2026 Baxış sayı: 243

 

 

Ayüzlüm, nə qədər " ölürəm" deyək,

İtirir hökmünü söz yavaş-yavaş!

Özü öz yağında qovrulur ürək,

Külünə gömülür köz yavaş- yavaş!

 

Közü soyuduqca dirilir qışlar,

Alnında düzəlir əyri qırışlar,

Yolların tozunda ölür baxışlar,

İçində dəfn olur göz yavaş-yavaş!

 

Yenə açıq qalır, ümiddən doymur,

Ölmüş "bəlkələr"ə məzardı qoynu,

Sınır gümanların bənövşə boynu,

Çökür ayrılığa diz yavaş-yavaş!

 

Çökdükcə qoparır fəryad diz, "niyəə...

Nəydi günahımız, axı biz niyə...",

Ruhun qanadları açılır göyə,

Burünür cisminə bez yavaş-yavaş!

 

Şükür, hər adama bez vermir dünya,

Səndə yaşamağa söz vermir dünya,

Ay Məmməd, sənə ki, üz vermir dünya,

Əlini dünyadan üz yavaş-yavaş!