Xatirə Fərəcli - BU BAĞ

Ədəbiyyat 09:13 / 07.11.2025 Baxış sayı: 742

 

Bu bağ bu səbətin, bu arıların

Görəsən, nə vaxtdan məskəni olub?

Neçə xatirəyə məkan bu bağda

Neçə yol bu səbət boşalıb, dolub?

 

Canını qoymağa yer gəzir yenə,

Neçənci küləkdir üstündən əsən?

Dartılıb kəmərtək belini sıxan

Hasarı kim belə hörüb, görəsən?

 

Hər gələn özüylə xatirə payın

Yığıb-yığışdırıb aparıb, bəlkə,

Qalıb ağı deyir külək diliylə,

Bu bağın dərdi var özündən yekə.

 

Ürəyim uçunur yaşıllıq deyə,

Laylam, rahatlığım bir odur ancaq.

Ruhuma sığala təbiət gəzib,

Görməyə bir parça gümandı bu bağ.

 

Götürüb gəlmişəm çəkdiklərimi,

Çəkdiyim çəkimdən ağır olsa da,

Gələndən-gedənə hey fırlanırıq

Arı səbətində, mən bu dünyada.