Xanım İsmayılqızı - ÜŞÜYÜR
Bu ayın bu günündə açan səhər üşüyür,
Suyun içində batan bizim şəhər üşüyür.
Ağaclar torpaq üstə, damcılar yarpaq üstə,
Kəlmələr dodaq üstə, qərib əllər üşüyür.
Göyün üstündə duman, həyat gözündə güman,
Vaxtın üzündə zaman, qaçan sellər üşüyür.
Yalan içində gerçək, sözünü udan külək,
Hardasa bir kəpənək qonan güllər üşüyür.
Varlığa qəliblənən, sevgiyə ümidlənən,
Adına kilidlənən yetim dillər üşüyür.
Bu soyuq havalarda, hamıdan uzaqlarda,
Titrəyən yuvalarda ötən illər üşüyür.
X.İ. 2016