Şövkət Zərin Horovlu.- Nə yaxşı xəyal var
Xəyalımı çəkir ömrün illəri,
Analı günlərim dönərmi geri?
Bir də qulağıma dəyərmi səsi,
Saçımda gəzərmi sığsl əlləri?
Geri qayıdarmı gülgün səhərlər,
Dönərmi nənəli,nağıllı gecə?
Məktəbə gedəndə yanlaya məni ,
Qurşağından noğul verə gizlicə?
Talada kövrələn havalı sevdam,
Qayıdıb başıma dolarmı bir də?
Yaşıdım qızların pıçıltıları ,
O şux gülüşləri olarmı bir də?
O şəhid oğlanlar, qocalan qızlar,
Qayıda bölünək məhlə-məhləyə.
Həyətdə tit çırpan Nəmiş dayı da,
Əsasın tullayıb, “ay sizi”- deyə.
Üzümə gülərmi yaz əzəlkitək?
Yenə ondakıtək daşarmı çaylar?
Qayıdıb gələrmi bir kənd dolusu-
Evindən didərgin küsgün adamlar?
Qoynu dolu payız toylu ,mağarlı,
Geriyə dönərmi gorən eləcə?
Dünyaya gəldiyim bir bahar günü,
Anam cevinibmi hec ürəyincə?
Nə gedirsə yenə ömürdən gedir,
Geriyə qayıtmaz yaşanan anlar.
Ömür dediyimiz başdan yalanmış,
Hərdən də aldadır bizi xəyallar.