Adil Şirin- YADINDAMI...
·
Yadındamı o axşam,
O axşam şəhərə yağış yağırdı.
Yağış sənin saçlarindan
Damla-damla süzülürdü, axırdı.
Pəncərələrin işıqları
Ürkək-ürkək göz qırpırdı yağışda,
Şəhərdə dağ havası vardı.
Quşlar kədərliydi yuvalarında,
Yaşıl donlu ağaclar bəxtiyardı.
Yadındamı, sən də yaşıl geyinmişdin,
Sən görüşə gəlmişdin o gün,
Bir son ayrılıq üçün...
Gözlərin dolmuşdu, ağlayırdınmı,
Ağlayırdınmı, anlayammadım?
Dodağından çıxan sözlər
Edam hökmü kimi ağırdı.
Yağış isə yağırdı...
Hey yağırdı...